Paşinyanın Metsamor yalanı: Baş nazir Brüsseldə AES-in təhlükə olduğunu gizlətməyə çalışıb – ŞƏRH + FOTO

Ermənistan tək region deyil, bütövlükdə dünya üçün ciddi təhlükə olan Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı yalan dolu hesabat və bəyanatlar təqdim etməkdədir. Martın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edən baş nazir Nikol Paşinyan növbəti dəfə dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışıb.

Baş nazir əvvəlcə iddia edib ki, nüvə energetikası ölkəsinin enerji təhlükəsizliyinin təməl daşıdır. Ardınca da tək ölkəsi üçün deyil, bütövlükdə region, dünya üçün təhlükə mənbəyi olan Metsamor AES ilə bağlı məsələni qabardıb. 2023-cü ilin dekabrında hökumətin AES-in istismar müddətinin uzadılması barədə planı təsdiq etdiyini vurğulayıb. N.Paşinyanın növbəti yalanı AEBA-nın tapşırıq və göstərişlərinə uyğun olaraq stansiyanın təhlükəsizliyi və idarəolunması üzrə tədbirlər görməsi ilə bağlı olub. Bildirib ki, bu işlər tərəfdaş dövlətlərlə həyata keçirilir. “Ermənistan AES bizim suverenliyimizi möhkəmləndirir və simvolizə edir”, – deyə baş nazir bəyan edib.

Maraqlıdır ki, hökumət başçısı bir yerdə də olsun hansı təhlükəsizlik tədbirləri gördüklərinə, eləcə də, Metsamor AES-in region üçün ciddi təhlükə olduğu barədə səslənən fikirlərə toxunmayıb. Halbuki, region ölkələrini təmsil edən ölkələrin rəsmiləri, qeyri-hökumət təşkilatları, ekoloqları stansiyanın doğurduğu təhlükələr barədə dəfələrlə bəyanatlarla çıxış edib, dünya ictimaiyyətindən AES-in bağlanmasına çağırış etməyi tələb ediblər.

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Brüsseldə keçirilən sammitin rəhbərliyinə açıq məktubla müraciət edib Metsamor AES-in region ölkələri üçün təhlükə mənbəyi olaraq qaldığını elmi sübut və dəlillərlə bir daha onların diqqətinə çatdırıblar. Xüsusi vurğulanıb ki, Metsamor AES-in yaratdığı təhlükə ilə əlaqədar aşkar dəlillərə baxmayaraq, Ermənistan yalan hesabatlar verir. Artıq istismar müddəti bitmiş, müasir təhlükəsizlik standartlarına cavab verməyən, köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor AES-in potensial nüvə qəzası mənbəyi olaraq qalması, eyni zamanda hər gün bölgənin ekologiyasına vurduğu ziyan, bölgənin içməli su mənbələrini zəhərləməsi və insanların sağlamlığına, təbiətə ciddi fəsadlar verməsi sammit iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan əvvəl də dəfələrlə Metsamor AES-lə bağlı problemlər, region və bütün dünya üçün potensial təhlükə mənbəyi kimi qalması beynəlxalq birliyin diqqətinə çatdırılıb. Təəssüflər olsun ki, nə AEBA rəhbərliyi, nə də beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı təhlükə barədə səslənən çağırışlara diqqət ayırmır. Halbuki, yaxın keçmişdə nüvə qəzaları ilə əlaqədar əldə edilmiş acı təcrübə beynəlxalq birliyi bu məsələyə daha diqqətlə yanaşmağa vadar etməlidir. Bu qəzalar Avropa İttifaqında və bütün dünyada AES-lərin tikilməsi və istismarına baxışı dəyişmiş, təhlükəsizlik, ətraf mühitin qorunması ilə əlaqədar standartların daha da sərtləşdirilməsinə səbəb olub. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq böyük risk daşıyır və Ermənistanın məsuliyyətsiz siyasəti, beynəlxalq qurumların, ixtisaslaşmış təşkilatların laqeyd münasibəti region ölkələrini təhlükəyə atır.

Yeri gəlmişkən, Metsamor AES-dən doğan təhlükə ilə bağlı Azərbaycanla yanaşı, Türkiyə də dəfələrlə Metsamorun ölkəsi üçün yaratdığı təhlükədən narahatlığını ifadə edib. İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam etdiyi xüsusi vurğulanıb. Metsamoru “sancağı çəkilmiş bomba” adlandıran Türkiyə ən qısa zamanda AES-in bağlanmalı olduğunu bəyan edib. Metsamor AES-in ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir. Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnib. Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb. O zaman radiasiyadan İğdır da təsirlənmişdi. Bu stansiyanın Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükə olduğu vurğulanıb.

Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onun 2 nömrəli reaktoru yenidən işə salınıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

Beləliklə, Ermənistan hökuməti növbəti dəfə beynəlxalq tribunadan dünya ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərib. Son söz isə beynəlxalq ictimaiyyət və təşkilatlarındır. İrəvanın məsuliyyətsiz davranışı, problemin gecikmədən həll edilməsinin vacibliyini diqqətə çatdırmalı, region və dünya üçün təhlükə olan stansiyanın fəaliyyətinə isə son qoyulmalıdır.

“Report” İnformasiya Agentliyi

Mənbə