Novruz bayramı ilə bağlı yenidən bəzi məqamlara nəzər salmaq istərdim. Uzun illər, sovetlər rejimi dövründə xalqın bir çox milli dəyərləri kimi, bu, bayramda yasaq olunmuşdu. Amma insanlar qadağalara baxmayaraq, bu mərasimləri şüurunda yaşadaraq, məişətində qeyd ediblər. Azərbaycan müstəqillik qazandıqdan sonra Novruz bayramı ən yüksək səviyyədə, dövlətin rəsmi təqvimi ilə keçirilir.
Lakin bu gün narahatlıq doğuran məsələ ortalığa çıxır. Bəzi dindarlar peyda olub ki, onlar Novruz bayarımını, fəlsəfəsini, mahiyyətini Azərbaycan türkləri ilə bağlı olmadığını israrla cəmiyyətə, insanların beyninə doldururlar. Totalitar sovet rejimi bu bayramı yasaqlamağa çalışdı, amma bacarmadı. Xalq bu milli ənənəni şüurunda, məişətində yaşatdı.
Bəziləri bu bayramı farslarla, bəziləri isə dinlə bağlamağa cəhd göstərdi. Bütün qüvvələrin cəhdləri əbəs oldu. Çünki təbiətlə bağlı olan bu, oyanış prosesi heç bir dini faktorla, heç bir fars mənşəlli məqamla bağlı deyil.
Ümumilikdə Novruzla bağlı bəzi xoşagəlməyən ənənələrin korrektə olunmasına tədricən ehtiyac var. Gerçəkdən Novruz bayramının fəlsəfi anlamı ilə bağlı tədqiqatçıların izahatlarına, yeni fikirlərinə zərurət hiss olunur.
Onu qeyd edək ki, Novruz bayramı 2009-cu ildə müvafiq dövlət qurumlarının birgə səyi ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Həmçinin BMT Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul edilib.
Nəhayət kimlərsə Novruz bayramını qəbul etmir, bu imtina həmin zümrənin öz işidir. Amma bu məqamda da sivilizasayalı islama, elmli, dürüst islam alimlərinin geniş maarifçilik işlərinə ehtiyac hiss olunur.
Bir çox pozitiv çalarları ilə bərabər Novruz – Yeni gün deməkdir. İnsan həyatına müsbət çalarlar gətirən, müəyyən anlamda əhəmiyyətli təbiət hadisəsi kimi səciyyələndirilən, çox ciddi korrektlərə və izahatlara ehtiyac olan, bu yeni gün, Novruz bayramı münasibətilə hər kəsi təbrik edirəm. Yeni gün həyatınıza saflıq, dürüstlük, bərəkətli, xeyirli ömür gətirsin! Amin!
Əkrəm Bəydəmirli