Bütöv Azərbaycan sevdalıları bir arada
Bu gün “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi qərargahının bir özgə növrağı vardı. Cənubi Azərbaycanın inqilabçı övladlarının davamçıları ilə Şimali Azərbaycanda doğulub Bütöv Azərbaycan uğrunda çarpışan Vətən övladları bir arada idilər. Qadınların bayramı ilə “Novruz”u bir arada qeyd edən həmvətənlərimizə xaricdə yaşayan güneyli soydaşlarımız da qoşulmuşdu. Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun da bu təntənəyə qatılması tədbir iştirakçılarının ovqatını xüsusilə yüksəltmişdi.
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi qonaqları salamlayıb hər iki bayram münasibətilə təbrik etdi. 21 Azər hərəkatının iştirakçısı və şahidlərindən olan Adilə xanım Çernikbülənd Millət Vəkili Rafael Hüseynova plaket təqdim etdikdən sonra AMEA Şərqşünaslıq İnstitutu, Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə professoru gənclik illərindən tanıdığını bildirdi və onun Millət qarşısındakı xidmətlərindən, Cənubi Azərbaycanla bağlı tədqiqatlarından, hazırladığı verilişlərdən danışdı.
Rafael Hüseynov həcmcə balaca, mahiyyətcə böyük olan bu müqəddəs məkandan neçə-neçə fəadailərin keçdiyini xatırlatdı. Azərbaycanın tezliklə bütövləşəcəyinə əminliyini bildirdi. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirdi.
“İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanlar təltif olundular. “Novruz” süfrəsi arxasında davam edən məclisi Tahirə Muradova öz şən nəğmələri ilə rövnəqləndirdi.
P.S. Növbəti buraxılışlarımızda təltif olunanlarla bağlı ayrı-ayrılıqda informasiya verəcəyik.