Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir”
Azərbaycan əlverişli coğrafi məkanda yerləşməsinə rəğmən bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulması gələcəyə hesablanmış misilsiz addımdır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması Azərbaycan, Gürcüstan, Türkiyə hökumətlərini daha da yaxınlaşdırıb. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə 2007-ci ilin fevralında Tbilisidə Gürcüstan Parlamentinin binasında hökümətlərarası sazişin imzalanmasından sonra başlanılıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsi 79 km-i Türkiyə ərazisindən, 263 km-i Gürcüstan ərazisindən keçir. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi isə Azərbaycanın ərazisinə düşür. Layihənin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyə Respublikalarının maliyyə vəsaitləri hesabına həyata keçirilib. Azərbaycan dəmiryolun Gürcüstan sahəsinin tikintisi üçün 775 milyon dollar dəyərində kredit ayırıb. Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 km dəmir yol örtüyü yenidən qurulub.
Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini “Dəmir İpək yolu”na bənzədirlər. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regional əməkdaşlığa əhəmiyyətli bir nümunədir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. 2017-ci ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vürğulayııb: “Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir”.
Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyəni iqtisadi olaraq da daha sıx birləşdirib. Bu da regional əməkdaşlığın daha da genişləndirilməsi üçün rəvac verib. Ümumiyyətlə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə qitələr birləşib. Artıq Azərbaycan, Gürcüstan, Türkiyə həm də tranzit ölkələrinə çevriliblər. Xüsusən Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu yükəsk səviyyədə xidmət göstərir və bundan sonra yüzilliklər ərzində xalqlarımız bundan faydalanacaq. Bakı-Tbilisi-Qars xətti təkcə geoiqtisadi deyil, həm də çox əhəmiyyətli geosiyasi və əməkdaşlıq layihəsidir. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Bu isə regionda turizmin inkişafına güclü təsir göstərməkdədir. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir.
Bu gün Bakı-Tbilisi-Qars dəmiryolu Asiya və Avropa arasında dəmir körpü rolunu oynayır. Bu tarixi layihə sayəsində Gürcüstan, Azərbaycan və Türkiyə Qara və Xəzər dənizləri regionlarının iri potensialı, eləcə də Asiya və Avropada mövcud resurslar arasında bağlantı qurublar. Belə əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitlik fonu yaradır. Martın 16-da Azərbaycan Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin zəruriliyindən danışaraq deyib ki, bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Qərblə Şərqi birləşdirən müasir ipək yolu rolunu oynayan bir layihədir. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranıb. Bakı -Tiblisi-Qars dəmir yolu xəttini yalnız Azərbaycan -Türkiyə və Gürcüstanın deyil, Avrasiyanın və ümumilkdə dünyanın marağında olan bir layihədir. Bu dəmir yolu vasitəsi ilə tək Azərbaycan əhalisi və Azərbaycan iqtisadiyyatı deyil, həmçinin bu layihədə iştirak edən dövlətlər və digər qonşu ölkələr, həmin ölkənin əhalisi və iqtisadiyyatı yararlana bilirlər. Məhz buna görədir ki, Bakı-Tiblisi-Qars dəmir yolu xətti ilə bağlı bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Bakı-Tiblisi-Qars dəmir yolu xətti ölkəmiz və region üçün o qədər əhəmiyyətlidir ki, bu layihəni növbəti və müasir Bakı-Tiblisi-Ceyhan da adlandırmaq olar.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent