Şimal qonşumuz Rusiyada prezident seçkisi keçirilir. Martın 17-dək üç gün ərzində keçiriləcək seçkidə dörd namizəd: heç bir siyasi partiyanı təmsil etməyən hazırkı dövlət başçısı Vladimir Putin, liberal demokrat partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının deputatı, “Yeni İnsanlar” partiyasının namizədi Vladislav Davankov və Rusiya Kommunist Partiyasının namizədi Nikolay Xaritonov prezidentlik yarışında mübarizə aparırlar.
APA-nın səsvermə prosesi ilə bağlı reportajını təqdim edirik.
Rusiyalılar səkkizinci dəfə prezidenti seçirlər
7 may 2024-cü il tarixində hazırkı Rusiya Prezidenti Vladimir Putinin səlahiyyət müddəti başa çatır. O, sonuncu dəfə dövlət başçısı vəzifəsi səlahiyyətlərinə 7 may 2018-ci ildə başlayıb. Bu gündən etibarən rusiyalılar ölkə rəhbərini yenidən seçirlər.
Rusiya prezidentliyinə 8-ci dəfə keçirilən seçkidə səsverməyə start verilib. Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, ölkə üzrə 94 mindən çox seçki məntəqəsi açılıb və 113 milyon 574 min 550 bülleten hazırlanıb. Seçkini izləmək üçün 106 ölkədən nümayəndə beynəlxalq müşahidəçi qismində akkreditasiyadan keçib, eyni zamanda 1500-ə yaxın jurnalist seçkini MSK-nın informasiya mərkəzində, 12 645 jurnalist isə seçki məntəqələrində prosesi işıqlandırmaq üçün akkreditasiya alıb.
Prezident seçkisində yenilik: Üçgünlük və məsafədən onlayn səsvermə
Budəfəki prezident seçkisinin özəllikləri ondan ibarətdir ki, Rusiya seçki qanunvericiliyi tarixində ilk dəfə olaraq prezident seçkisi ardıcıl 3 gün ərzində və məsafədən onlayn səsvermə mexanizmindən istifadə edilməklə keçirilir. Rusiya MSK bunun rusiyalıların səsvermə hüquqlarından istifadə etmək üçün əlavə imkanlar yaratmaq məqsədilə edildiyini açıqlayıb. Belə ki, səsvermə hüququna malik rusiyalılar vybory.gov.ru, Moskva sakinləri isə mos.ru portalındakı proqram təminatından istifadə edərək kağız bülleten olmadan səsvermədə iştirak edirlər.
Rusiyada prezident seçkisi zamanı həyata keçiriləcək digər yeniliklər arasında Rusiyaya birləşdirildiyi elan edilən və hərbi vəziyyətin tətbiq olunduğu Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində səsvermənin Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq keçirilməsi, eləcə də yalnız redaksiyalarda əmək müqaviləsi əsasında işləyən media nümayəndələrinə seçki komissiyalarının iclaslarına akkreditasiya olunmaq, seçki məntəqələrində yalnız qanunla icazə hüququ olan şəxslərin foto və video çəkilişin aparılmasına imkan verilməsi yer alıb.
Üçgünlük və məsafədən elektron səsvermənin üstünlükləri
Moskva sakinləri arasında apardığımız sorğu nəticəsində seçicilərin həm məsafədən, həm də ənənəvi səsvermə üsulundan istifadə edərək seçkidə iştirak edəcəkləri məlum olub.
“Düşünürəm ki, üçgünlük səsvermə çox rahatdır. Məncə, bu sistem artıq oturuşub. Kim nə vaxt, harada və necə istəyir səsvermədə iştirak edir. Bu sistem işləyir. Mən elə seçkinin birinci günü gedib səsimi verdim”, – deyə Moskva sakini Yekaterina Abramtsova bildirib.
Digər paytaxt sakini Lyudmila Batruxina üçgünlük səsvermənin seçici üçün daha rahat olduğunu, çünki artıq yaz fəslinin gəldiyini, kiminsə bağ evində yaşadığını, ona görə də, insanların həm istirahətlərini bölmədiyini, həm də seçkidə iştirak etdiyini söyləyib.
Rusiya Mərkəzi Seçki Komissiyası ölkənin 28 regionunda məsafədən onlayn səsvermədə iştirak üçün 4,1 milyon seçicinin müraciət etdiyini açıqlayıb. Bildirilib ki, yalnız Arxangelsk, Belqorod, Vladimir, Voronej, Kalininqrad, Kaluqa, Kursk, Lipetsk, Moskva, Murmansk, Nijni Novqorod, Novqorod, Novosibirsk, Pskov, Rostov, Sverdlovsk, Tomsk, Çelyabinsk, Yaroslavl, Altay, Kamçatka, Perm bölgələri, Kareliya, Krım, Çuvaşiya, Sevastopol və Nenets Muxtar Dairəsinin sakinləri məsafədən onlayn səsvermə prosesində iştirak edə bilirlər.
Fevralın 25-dən etibarən Rusiyada xüsusi şəraitdə yaşayan, məntəqə seçki komissiyasına gedə bilməyən, eləcə də xarici ölkələrdə yaşayan rusiyalılar üçün vaxtından əvvəl səsvermə təşkil olunub. Artıq ölkənin 39 subyektində iki milyona yaxın insan vaxtından əvvəl səs verib.
Prezident seçkisi Qərb-Rusiya qarşıdurması fonunda…
Xatırladaq ki, Rusiyada prezident seçkisi Ukrayna müharibəsi və Qərb-Rusiya qarşıdurması fonunda keçirilir. Bu səbəbdən də seçki məntəqələrinin yerləşdiyi ərazilərdə, ümumilikdə, ölkə ərazisində polis və Rosqvardiya tərəfindən asayiş gücləndirilib.
Qərb ölkələri Rusiyada seçki kampaniyasının və seçkinin demokratik prinsiplərə müvafiq təşkil olunmadığını iddia edir. Rəsmi Moskva kollektiv qərbin seçki ərəfəsində ölkə ərazisində sistemdən kənar müxalifəti dəstəkləmək niyyətində olmaları və maneə mexanizmlərindən istifadə edəcəklərinə dair dəlillər topladığını açıqlayıb. Bu yoldan dönmələri məqsədilə Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı ölkələrinin səfirlərini görüşə dəvət etsə də, Qərb diplomatları dəvəti rədd edərək görüşə gəlməyəcəklərini bəyan ediblər.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov hesab edir ki, Qərbin Rusiyadakı prezident seçkisinə müdaxiləsi göz qabağındadır:
“Lakin budəfəki seçkidə müdaxilə forması ciddi şəkildə dəyişib. Belə ki, əvvəllər Qərb özünün dəstəklədiyi namizədə yardım göstərməklə seçkiyə müdaxilə edərək Rusiyanın daxili işlərinə qarışırdı. İndi isə namizədlər siyahısında qərbin dəstək verəcəyi namizəd olmadığına görə, qərb müdaxilə strategiyasını dəyişib. Qərb indi əlindən gələni edəcək ki, Rusiyadakı prezident seçkisinin nəticələrini tanımasın. Qərb çalışacaq ki, prezident seçkisinin nəticələri legitim hesab olunmasın. Qərb Putinə Rusiyanın qanunsuz prezidenti kimi baxacaq və dünya ölkələrini də Putinə bu cür yanaşmağa çağıracaq. Qərb kəşfiyyat agenturası vasitəsilə seçki qutularına topa bülletenlər atılacağı, eləcə də elektron səsvermə sistemlərinə kiberhücumlar təşkil olunacağı gözlənilir”, – deyə rusiyalı siyasi ekspert vurğulayıb.
Rusiya Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticələrinin martın 17-də Moskva vaxtı ilə saat 21:00-dan etibarən açıqlanmağa bağlayacağını, martın 18-də isə ilkin nəticələrin elan ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyada prezident seçkisini müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Moskvaya səfər edib. Azərbaycanlı müşahidəçilərin martın 17-də Rusiya paytaxtının bir sıra seçki məntəqələrində səsvermə prosesini müşahidə edəcəyi açıqlanıb.