Almaniya şirkətləri Azərbaycanda əsasən hansı sahəyə maraq göstərir?

Prezident İlham Əliyev: “Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb”

Azərbaycan Respublikası öz müstəqilliyini yenidən qazandıqdan sonra dünyanın bir çox ölkələri, o cümlədən Almaniya ilə iqtisadiyyat, ticarət, mədəniyyət və eyni zamanda, təhsil sahəsində əməkdaşlıq etmək imkanları xeyli genişlənib. Son illərdə Almaniyda Azərbaycana olan maraq çox artmışdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra bu marağın daha da artması müşahidə olunur. Almaniya şirkətləri, xüsusən Azərbaycanda bərpaolunan enerji sahəsinə xüsusi maraq göstərirlər. Bu sahədə də hər iki ölkənin əməkdaşlıq üçün böyük imkanları mövcuddur. Prezident İlham Əliyev 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündəki çıxşında Almaniya ilə münasibətlərin müsbət inkişaf dinamikasını xüsusi qeyd edib. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Mixael Harmsla hələ ötən ilin və bu ilin fevral aylarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşmüşdür. Bu il fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub. Görüşdə alman iş adamlarının Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduqları bildirilmişdir. Xüsusilə nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələrinin fevral ayında Azərbaycana səfərinin həyata keçirilməsi barədə Prezident İlham Əliyevə məlumat verilmişdir. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin bu səfəri Azərbaycan Prezidentinin ötən il Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir. Bu, Almaniyadan Azərbaycana indiyədək həm təmsilçilik, həm də say baxımından iş adamlarının ən böyük nümayəndə heyətidir. Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayıb.

Cənab Prezident çıxışında siyasi məqamalara da toxunaraq Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssüratın yaradıldığını deyib: “Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”. Almaniya KİV-lərində bizim ölkəyə qarşı neqativ fikirlərin yayılması müsbət hal deyil. Son zamanlar Avropa Şurası ilə gərgin münasibətlər bağlı ölkəmizin daxili siyasətinə də maraq artıb və bu səbəbdən tənqidi məqalələrin sayı çoxalıb. Təəssüf ki, Almaniya KİV-lərində Azərbaycan haqqında müsbət məzmunlu məlumatlar azlıq təşkil edir.

Öncələrdə də bu situasiya Almaniyada yaşayan həmyerlilərimizi, əsasən də bu ölkədəki Səfirliyimizi narahat etmişdi. Buna etiraz olaraq Almaniyadakı səfiliyimiz tərəfindən hazırlanmış məktuba bir neçə milli diaspor təşkilatı sədri də imza ataraq aidiyyəti qurumlara göndərmişdilər. Lakin, diasporumuzun etirazları, daha doğrusu, gerçəklər almanların heç ağlına batmır. Bu da diasporumzun Almaniyada Vətənimizin tanıtımına tam ziddir. Görünür, diasporumuzun etirazının ciddiyə alınması, ümumiyyətlə, Almaniyada Azərbaycanın daha da tanınması üçün hələ görüləsi çox işlər var.

Almaniyada çox geniş şəkildə təşkilatlanmış Azərbaycan diaspor təşkilatları var. İlk zamanlarda onlar arasında sıx əlaqə çox zəif idi. Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının yaranması bu işə çox böyük bir təkan vermiş oldu. Şura diaspor təşkilatlarının informatik və həmrəylik əlaqələrini tənzimləyir.

Alamniayada yaranan milli diaspor təşkilatlarımız burada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirir, onlarla dostluq əlaqələri qurur və birgə layihələr həyata keçirirlər. Onlar həm də Almaniyada, əsasən da bu ölkənin universitetlərində Azərbaycan gecələri, müxtəlif elmi konfranslar və digər tədbirlər vasutəsilə ölkəmizi, onun tarixini, adət-ənənələrini, mədəniyyətini və Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırırlar.

Diaspor olaraq Almaniyanın ictimai-siyasi həyatında iştirak etmək əsasdır. Kütləvi mədəni tədbirlərin keçirilməsi və alman siyasi və ictimai xadimlərının Azərbaycan haqqında görüşlərini dinləmək və disskusiyalarda iştirak etmək də önəmlidir. Həmçini alman KİV-lərində Azərbaycanın təbliği işi gücləndirilməlidir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent