Rusiyalı hokkeyçi matç zamanı naşatır spirti içib.
Kimyəvi maddənin su şüşəsinə necə düşdüyü isə sirr olaraq qalır. Nəticədə idmançı ağzından və mədəsindən yanıq xəsarətləri alıb.
Məlumata görə, hadisə Moskvada “Yantar” buz sarayında baş tutan “Əmək ehtiyatları” hokkey liqasının oyunu zamanı baş verib.
“Wolta” hokkey klubunun oyunçusu, 40 yaşlı Valeri Zotov butulkadan su içməyə başlayıb, lakin butulkanın içərisində kimyəvi maye olub. İdmançının dili, damağı və mədəsi yanıb.
Valeri təcili yardımla xəstəxanaya aparılıb, ona ikinci dərəcəli kimyəvi yanıq diaqnozu qoyulub. İndi onun vəziyyəti yaxşıdır. İdmançı özü naşatır spirtinin şüşəyə xüsusi olaraq töküldüyündən şübhələnir. Artıq həkimlər bu barədə polisə məlumat veriblər.
“Wolta” klubunun rəhbərliyi isə hadisəni təkzib edib. Lakin matçın videogörüntülərində Zotovun həqiqətən ikinci hissənin ortalarında oyunu tərk etdiyi və bir daha geri qayıtmadığı görünür. Polis zəhərlənmə versiyasını araşdırır.
Mənbə: “Mash” “Telegram”