Azərbaycanda iki kino ittifaqı birləşdi, yeni sədr seçildi – YENİLƏNİB + FOTO

Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilib.

Oxu.Az xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artistləri Şəfiqə Məmmədova və Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 37 nəfərin adı var.

Rejissorlar Oqtay Mirqasımov, Əbdül Mahmudov və Zamin Məmmədov İdarə Heyətinin üzvlüyündən imtina ediblər.

14:09

Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı “Azərbaycan Kinematoqrafçılar İttifaqı” olub.

Oxu.Az xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb.

Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib.

Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.

12:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir.

Oxu.Az xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər. 

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib. 

AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir. ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Mənbə