Gənc Vətənpərvərlər Birliyi (GVİB) 5 mart – Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə “Dövlətin idman siyasəti gənc nəslin təminatçısıdır” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən GVİB-nin sədri, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev bədən tərbiyəsi və idman günü münasibəti ilə tədbir iştirakçılarını və idman sevənləri təbrik edib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli 654 saylı sərəncamı ilə hər il ölkəmizdə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunur. M. Əliyev qarşıdan gələn Bakı – 2015 Avropa Oyunları haqqında da danışıb və əlavə edib ki, bu idman yarışı Azərbaycanın dünyada tanıdılmasında daha da mühüm hadisədir. Birliyin İdman Departamentin rəhbəri Ş.Hüseyinov bildirib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: “Azərbaycanda idmanın inkişafı, kütləvi bədən tərbiyəsinin təməlinin qoyulması məhz Ulu öndərin adı ilə bağlıdır”. O, Prezident İlham Əliyevin bu gün idmana göstərdiyi qayğıdan da danışıb. Təşkilatın fəxri üzvü, veteran idmançı İ. Əliyev qeyd edib ki, gəncləri milli hərbi vətənpərvərlik ruhunda tərbiyə olmasına ehtiyac var : “Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidir. Bu işin səmərəliliyi xeyli dərəcədə hər bir gəncin Milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir”. Tədbirdə çıxış edənlər “5 mart Bədən tərbiyəsi və idman günü” münasibəti ilə idmansevərləri, idman ictimaiyyətini təbrik edib, idmançılara yeni qələbələr arzu ediblər. Sonra tədbirdə iştirak edən idman xadimlərinə mükafatlar verilib. Qeyd edək ki, “Dövlətin idman siyasəti gənc nəslin təminatçısıdır” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi layihə çərçivəsində həyata keçirilib. GVİB -n KİV İş şöbəsi