10 il əvvəl yoxa çıxan təyyarədən XƏBƏR VAR

Malayziyanın Nəqliyyat Nazirliyi 2014-cü ildə Hind okeanı üzərində yoxa çıxan Malayziya Hava Yollarına (Malaysia Airlines) məxsus “MH370” reysinin axtarışlarını bərpa etmək qərarına gəlib.

Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə departamentin rəhbəri Entoni Loke Sieu Fuk faciənin onuncu ildönümünə həsr olunmuş tədbirdə məlumat verib.

O, axtarış əməliyyatlarına Amerikanın “Ocean Infinity” şirkətini cəlb etməyi planlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, 2018-ci ildə Malayziya axtarışa “Ocean Infinity” şirkətini cəlb edib, lakin şirkətin axtarışları nəticə verməyib.

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus təyyarə radarlardan itib və Hind okeanının cənubunda qəzaya uğrayıb. Axtarış əməliyyatı heç bir nəticə verməyib, laynerin qalıqları hələ də tapılmayıb.

Qəzaya uğrayan təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub.