Azərbaycanda ən bisavad adam da bilir ki, bələdiyyə sədri qanunsuz torpaq satışını özbaşına edə bilməz. Onu da bilir ki, bələdiyyə sədrləri torpaq alverini yerli icra hakimləri ilə müştərək həyata keçirirlər. Hətta o da məlumdur ki, ümumiyyətlə, bələdiyyə sədrləri icra başçılarının “mafioz qrupu”na daxildir və İH rəhbərinin çirkli, qara işlərini icra edirlər. Ona görə də Bakının Yeni Suraxanı bələdiyyə sədri Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilməsi bir sıra müzakirələrə yol açdı. Bələdiyyə sədrinin həbsi ictimaiyyətdə suallar doğurdu ki, bəs, Suraxanı rayon icra başçısı Əziz Əzizov bu qanunsuz əməllərdən xəbərsiz olub? Sosial şəbəkələrdə gedən diskussiya zamanı qeyd olundu ki, F.Quliyev bu qədər müddət ərzində qanunsuz torpaq satışı və tikintiyə icazə ilə təkbaşına məşğul ola bilməzdi. Çünki bələdiyyələr az qala İH-lərin əsirinə çevriliblər. Xüsusən də Suraxanı kimi rayonda, xüsusən də hər zaman torpaq, obyekt, səki, dayanacaq satışında, qanunsuz tikintiyə sərəncam verməkdə adı hallanmış icra başçısı Əziz Əzizovun rəhbəri olduğu rayonda…
Anaxeber.info bildirir ki, dəfələrlə faktlar tirajlanıb, Suraxanı icra başçısının Yeni Suraxanı, Qaraçuxura, Hövsan, Yeni Günəşlidə torpaqları qarış-qarış satdığı xəbər verilib, sakinlərin şikayət və müraciətləri yayılıb, qanunsuz tikintilərə rəvac verildiyi açıqlanıb, o baxımdan Yeni Suraxanı bələdiyyəsinin sədri həbs ediləndə nəzərlər icra hakiminə yönəldi. Doğurdanmı Əziz Əzizovdan bixəbər, yaxud icazəsiz rüşvət alaraq torpaq sata bilərdi?! Buna az adam inanar. Ə.Əzizov və ətrafındakı adamlar rayonun hansı ərazisində neçə qarış torpaq satıldığını belə bilirlər, bu məsələyə nəzarət edirlər. Bələdiyyə sədri də onlarla razılaşdırmamış bu işlərə qol qoymazdı. Hətta iddialar var ki, həbs edilən bələdiyyə sədri icra başçısına yaxın adam olub. Amma hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər və faktlar təqdim edildiyi üçün rüşvətxor məmur saxlanıb. Görünür ki, vətəndaş torpaq almaq istəyəndə ondan pul, rüsumdan əlavə ödəniş tələb olunub. Bu hallar kütləvi xarakter alıb və Əziz Əzizov öz adamını qorumaq istəməyib.
Mətbuatda gedən məlumatlara görə, 2019-cu ilin dekabrından Suraxanı rayonu rayonuna icra başçısı təyin edilən Əziz Əzizov bu rayonda son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.
Əziz Əzizovun hələ Cəlilabad və Yasamal rayonlarında törətdikləri bir çox özbaşınalıqlar barədə dövrü mətbutda yazılanların üstündən hardasa sükutla keçmək olar. Amma Suraxanıya təyin olunduqdan sonra rayon ərazisində, boş torpaq sahələrində, istismar müddəti bitmiş neft quyularının üstündə tikinti aparılmasına verilən icazələrin artmasının üstündən sükutla keçmək olmur. Bu sükutun biri Yeni Suraxanıda pozuldu, sonrası…
Azər Talıbov
Anaxeber.inform