Culfa rayon Bənəniyar kənd sakini 85 yaşlı fermer Mehralı Mamedov deyir ki, dörd övladı ilə birlikdə heyvandarlıqla məşğul olur. O, təsərrüfatını böyüdüb, daha bir neçə ailəni işlə təmin etmək istəsə də, yerli icra hakimiyyəti buna süni maneələr yaradır. Fermer „Gündəlik Naxçıvan“a bildirir ki, hazırda min başdan artıq kiçikbuynuzlu heyvanın sayını artırmaq və planlarını həyata keçirmək üçün ona daha geniş ərazi lazımdır. Lakin, Culfa rayon İcra Hakimiyyəti onlara heç kimə ehtiyac olmayan dağlıq ərazidə icarəyə yer vermək istəmir. Bundan əlavə, heyvanları saxlamaq üçün kifayət qədər yeri olmadığı üçün, fermer hazırda ziyana düşmək təhlükəsi qarşısında qalıb.
Mehralı Mamedov deyir ki, heyvanlarını hazırda dövlət fonduna aid olan torpaq sahənsində saxlayır:
“Təssərrüfatı genişləndirmək, daha çox işçi saxlamaq, daha çox kənd təsərrüfatı məhsulları istehsal etməklə cəmiyyətə, dövlətimizə xeyir vermək istəyirəm. Amma, yerli icra hakimiyyəti buna şərait yaratmır. Adətən, insanlar münbit ərazidə yer icarəyə götürməyə çalışırlar. Mən isə heç kimə lazım olmayan, heç kimin istifadə etmədiyi dağın ərazisini icarəyə götürüb, arteizan vurmaq, elektrik xətti çəkdirmək, münbitləşdirərək təsərrüfatımı genişləndirmək istəyirəm. Bir ildir get-gələ salıblar, vermək istəmirlər. Məqsədləri nədir, anlamıram.”
Fermer bildirir ki,, səlahiyyətli nümayəndə Fuad Nəcəfli ilə görüşməsi də bu problemin həll olunmasına kömək etməyib:
„Culfa rayon İcra Hakimiyyətində müraciətimə baxılmadığı üçün səlahiyyətli nümayəndə Fuad Nəcəfli rayona gələndə, ona müraciət etdim. Qəbul etdi, elə yerindəcə problemin həllinə göstəriş verdi. Lakin, məmurlar onun sözünü saymırlar. Culfa rayon İcra hakimiyyəti də həmçinin. Mənə cəmi bir hektar yer vermək istəyirlər. Min baş kiçikbuynuzlu heyvanı bir hektar ərazidə necə saxlamaq olar? Cənab Prezidentimiz də çıxışlarında sahibkarlara dəstək verilməsini, şərait yaradılmasını bildirir. Lakin yerlərdə bunun əksinədir. İşləmək, dövlətə xeyir vermək istəyən sahibkarlara problem yaradılır”.