Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub. Bizim media və QHT təmsilçisi olaraq XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək əsas hədəflərimizə daxildir. Bu gün nakam taleyli Məhəmməd Hadini doğum günündə onu rəhmətlə anırıq və o şəxsiyyət haqqında bəzi məqamları qısaca təqdim edirik.
1879-cu ildə Şamaxının sayılan seçilən tacirlərindən olan Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə “Hadi” (Ərəbcə-doğru yol göstərən) təxəllüsün seçib. Hadi şerlə yanaşı, ədəbi, ictimai, siyasi və elmi məqalələr də yazırdı. İstanbulda oxumağa gedir, işləyir, lakin başına olmazın müsibətlər gəlir.
Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür. Bu haqda Ö.F.Nemanzadə öz xatirələrində yazır:
(Mənbə Nemanzadə Ömər Faiq. Xatirələrim, Gənclik, Bakı 1985)
“1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikincikərə olaraq zərər ilə dükanı qapamışdır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Hadinin İstanbul həyatı ilə bağlı faciələrindən birini bu cür qeyd edir: “Yüksək rütbə sahibini təhqir etmək üstündə onu həbsə alırlar və Salonik şəhərinə sürgün edirlər. Yunanlar Hadinin türk casusu hesab edir, öldürmək istəyirlər. Bir yunan keşişi onu himayəsinə alıb, xilas edir. Salonikdə, sürgündə olanda çox ağır və acı həyat keçirir. Günlərlə ac qalır. Sürgündən qayıdandan sonra Bakıya dönür. Ruhi xəstəxanada yatır. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt Birinci dünya müharibəsi başlayır. Məhəmməd cənub-qərb cəbhəsinə könüllü xidmətə gedir. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra edir”.
Manaf Süleymanovun məşhur “Eşitdiklərim, oxuduqarım və gördüklərim” kitabında Hadinin acı həyatı ilə bağlı bunlar qeyd olunub: “Hadi sürgündən sonra qayıdıb gəlir, aclıq keçirir. Hər gün Məhəmməd Hadi üç vərəqə şeir yazıb Qubernator bağına çıxıb hər vərəqi satırdı. Qazandığı pula qara çörək, soğan və araq alıb evə gedirdi. Hər gün şeir həvəskarları bağda onu gözləyirdilər ki, heç olmasa şairin bir vərəqə öz əli ilə yazdığı şeiri alıb oxusunlar. Onun vəziyyətindən xəbər tutan Azərbaycan Cümhuriyyət naziri Cavanşir bəy Behbud şairin yanına gəlir və deyir “Hadi əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsız”.
Şair onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: “Gedin! Şairinki nazirlə tutmaz!”
Hadi barəsində yazılan elmi və bədii əsərlərdə onun ölümü ilə bağlı müxtəlif versiyalar var. Amma Z. Əliyev ilk dəfə olaraq onun ölümü ilə bağlı yeni versiya irəli sürür: “M.Hadi isə 1920-ci ildə Gəncədə bolşeviklərin əleyhinə baş qaldıran məşhur Gəncə üsyanında bolşeviklərin qurbanı oldu. Lakin bu haqda şairin qələm dostu Abdulla Şaiq belə yazırdı ki: “Hadi təxminən 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu. Şairin “yox olmasını” o zaman ancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, gördüm deyən olmadı”.
Mollanəsrəddinçi Əli Nəzmi isə 1945-ci ildə bu haqda belə yazırdı ki: “Hadi 1920-ci ilin may ayında Gəncədə soyuq dəymədən vəfat etmiş və orada da dəfn olunmuşdur”.
Məhəmməd Hadi Gəncə üsyanı zamanı əhalinin qarşısına çıxaraq “Qırın bu kafirləri, onlar bizim dövlətimizi əlimizdə aldı”,- deyərək çağrış edir. Bundan sonra onu üsyan zamanı ələ keçirən bolşeviklər sorğusuz-sualsız güllələyiblər”.
Professor Bədirxan Əhmədli “Gəncə üsyanı ədəbi-bədii düşüncədə” adlı məqaləsində yazırdı: “Məhəmməd Hadinin ölümünü Gəncə üsyanı ilə bağlayanlar da var. Son vaxtlarda M.Hadinin də Gəncə üsyanında iştirak etməsi ilə bağlı ehtimallar çoxalmışdır. Məlumdur ki, XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Məhəmməd Hadinin ölümü ilə bağlı müxtəlif versiyalar vardır. Hətta XX əsrin 70-ci illərinə qədər şairin nə vaxt, harada, hansı şəraitdə vəfat etməsi barədə informasiya yox idi. O zaman görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov bununla bağlı araşdırma aparmış, onun qəbrini dəqiqləşdirmişdi. Bu dəqiqləşdirmə nəticəsində məlum olmuşdu ki, şair 1920-ci ilin mayında vəfat etmişdir. Əlbəttə, dəqiq tarix yoxdur. Lakin bu fakt şairin Gəncə üsyanında iştirakının heç də istisna etmirdi. Yazıçı Sabir Rüstəmxanlı da “Şair və Şər” romanında Hadinin həyatının sonluğunu Gəncə hadisələrinə bağlayır. Yazıçı Məhəmməd Hadinin taleyinə həsr etdiyi romanın “Yolun sonu” fəslində yazıçının Gəncə hadisələri kontekstində təsvir edir: “Şair birdən-birə qeyb oldu, yoxa çıxdı. “Yəqin küçələrdəcə öldü, sahibsiz görüb meyidini bir çuxura tullayıb üstünü torpaqladılar” deyənlər də vardı. “Dənizə atılıb özünə qəsd etdiyini” deyənlər də. Nə baş verdisə verdi. Ancaq bir daha onu Bakıda görən olmadı”.
Yekunda onu demək istərdim ki, dünyada çox ağır taleyli böyük istedad sahibləri olub. Belə intellekt sahibləri hər zaman öz potensiallarını doğru istiqamətə yönəldə bilmirlər. Yarıda qırılan ömür, dövrün ədalətsizliyi və yaxud həmin insanın özünün səhvləri və s. səbəblərdən belə hallar baş verib. Amma Məhəmməd Hadi gerçəkdən Azərbaycanın itirilmiş intellektual sərvətidir. Bu gün biz onu yalnız ehtiramla anırıq.
Əkrəm Bəydəmirli