ABŞ-ın Nyu-Cersi ştatını Senatda təmsil edən ermənipərəst siyasətçi Robert (Bob) Menendes və onun erməni arvadı Nadin Arslanyanla bağlı federal araşdırmada yeni təfərrüatlar bəlli olub.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, senator Bob Menendesə qarşı federal ittiham aktında dəbdəbəli “Mercedes-Benz”, qızıl külçələr, idman avadanlığı və külli miqdarda pul diqqəti cəlb edir.
Prokurorların bildirdiyinə görə, senatorun həyat yoldaşı Nadin Arslanyan üçün brilyant qaşlı nişan üzüyünün alınması mürəkkəb rüşvət sxeminin bir hissəsi olub. Həmin işdə misirli iş adamı Vael Hananın adı hallanır. Bu adam halal ər ticarəti ilə məşğuldur. İşin içində 100 min dollar olan iki çantadan bəhs edilir. Bundan başqa, Menendeslərin evində gödəkçələrin altında pulla doldurulmuş dörd ayaqqabı qutusu da aşkar edilib. Bir ayaqqabıda 50 dollarlıq əskinasda 5000 dollardan çox pul olub.
Prokurorların dediyinə görə, Nadin Arslanyana Nyu-Cersidə Menendesin köməyinə müraciət edən şəxs tərəfindən 150 min dollar məbləğində rüşvət də verilib. Məlumata əsasən, pulun bir hissəsi Arslanyan üçün yeni “Mercedes-Benz” kabrioletinin alınmasına gedib. 150 000 dollarlıq rüşvətin təxminən 35 000 dolları isə brilyant üzük alınmasına sərf olunub.