Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir.
Bu gün qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov “Report”un hadisə yerində olan əməkdaşına bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb:
“Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanay qoyun, qoymurdular. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ayrı ev almışdı. Mehman biznesmen, oğlu da idmançı idi”.
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.