Fransanın Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyaının (EUMA) yerləşdiyi məkana yollanıb.
Daha sonra o, Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin yaxınlığına gəlib.
İlk baxışdan adi səfər sayıla bilər: fransalı polis zabiti Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə tanış olur, sonra da həmin missiyanın bilavasitə fəaliyyət arealına yollanaraq, nələrin baş verdiyni anlamağa çalışır.
Lakin bütün bunlar, sadəcə, ilk baxışdan belədir. Yəni fransız ədəbiyyatının klassiklərinin təbirincə yazsaq, əsas mahiyyətin pərdələnməsinə xidmət edən anturajdır.
Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə təsir və təzyiq imkanlarının əldə olunması cəhdlərini aktiv şəkildə davam etdirir. Ermənistana tam və total dəstək verən, ermənilərin ordusunu silahlandıran, erməni cəmiyyətində aqressiv revanşizm və qisasçılıq təmayüllərini daha da qızışdıran rəsmi Paris paralel olaraq Bakıya qarşı bütün cəbhə boyu hücuma keçib.
Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və b. təşkilatlardan istifadə edən Fransa rəsmi Bakını “ram etmək”, məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul bilir.
Həmin vasitələr arasında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməmək üçün aşkar və gizli rıçaqların işə salınması, hətta regionda yeni silahlı toqquşma risklərinin bilərəkdən artırılması da var.
Məhz bub baxımdan fransız briqada generalının Ermənistanla şərti dövlət sərhədimizdə peyda olması və binoklla Azərbaycan ərazilərinə baxması hərbi-siyasi təxribat sayıla bilər. Eyni zamanda, briqada generalı Uilyam De Meyerin belə davranışı Parisin Bakıya təzyiq kampaniyasının daha bir elementi kimi də qəbul olunmalıdır.
Fransa prezidenti Emmanuel Makron bilir ki, ölkəsinin Cənubi Qafqazdakı proseslərə birbaşa, hərbi və ya siyasi yolla təsir etmək imkanları yoxdur. Parisin hərbi müdafiə, xüsusilə də ölkə sərhədlərindən kənarda “təsir rıçaqları əldə etmək” taktikasında son illərdə ciddi dəyişikliklər edildiyini nəzərə alsaq, De Meyerin səfəri və ya davranışı təəccüb doğurmamalıdır.
Paris maraqları olan bölgələrə birbaşa müdaxilə və ya bilavasitə mənafe desantı çıxarmaq əvəzinə, həmin məkandakı siyasi, iqtisadi, hərbi və sosial elitaları ələ almağa üstünlük verməyə başlayıb.
Həmin strategiyanı Emmanuel Makron Cənubi Qafqaza da tətbiq etmək istəyir. Lakin bölgədə Fransanın istəklərinin reallaşması həddən ziyadə çətindir, çünki Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi regional dövlətlərin maraqları ilə yanaşı, ABŞ, Avropa İttifaqı, Çin, Britaniya, Pakistanın da geostrateji mənafeləri mövcuddur.
Azərbaycanla Ermənistan arasında 30 ildən bəri davam edən münaqişə 2-ci Qarabağ Müharibəsi və sonrakı lokal antiterror tədbirləri nəticəsində başa çatdığından Paris bölgədə konflikt elementlərindən istifadə edə bilmir.
Bəhs etdiyimiz səbəbdən Emmanuel Makron və onun administrasiyası siyasi atavizm təsiri bağışlayan gedişlər edir. Həmin gedişlər arasında Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasını aparmaq üçün məhz sabiq SSRİ-nin Baş Qərargahının xəritələrindən, özü də 1970-1975-ci il xəritələrindən istifadənin zərurəti ilə bağlı təkliflər var.
Rusiyanın ilkin olaraq səsləndirdiyi təklifin sonradan Fransa, axırda da Ermənistan tərəfindən rəğbətlə qarşılanması təsadüf olmasa da, anaxronizm, köhnəlmiş gedişdir.
Çağdaş dünyada iki dövlət arasındakı mübahisələri sərhədin keçdiyi xətti və perimetri müəyyənləşdirmək üçün kosmik peyk çəkilişlərindən tutmuş, xüsusi kartoqrafik və topoqrafik proqramlar mövcuddur.
E.Makronun davranışı və sovet xəritələri ilə bağlı təklifi dəstəkləməsi yalnız ilk baxışdan təəccüb doğura bilər. Əslində, Paris xəritə məsələsində Rusiyanın təklifini dəstəkləməklə bölgədə Moskvanın maraqlarının tam kənarlaşdırılmaması, minimuma endirilməməsi ilə bağlı Rusiyaya ilkin vədlər vermiş olur.
Rusiyanın maraqları Fransa üçün cüzi əhəmiyyət kəsb etməsə də, Makron məqsədinə çatmaq üçün Moskvanın müvəqqəti loyallığından faydalanmaq istəyir. Fransa Rusiyanı şirnikləndirici vədlərlə aldatmaq, sülh sazişinin imzalanması prosesini Bakı və İrəvan arasında birbaşa danışıqlar müstəvisindən çıxararaq, “beynəlxalq təminat mexanizm”ləri ilə təchiz etmək, məqsədə çatandan sonra isə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında ABŞ və Avropa İttifaqı tandeminə qatılaraq trio yaratmaq fikrindədir.
Emmanuel Makronun əsas istəyi Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi və ya moderator səlahiyyətlərinə yiyələnmək, prosesi müəyyənləşdirən element statusunu əldə etməkdir.
Yəni Qarabağ münaqişəsini 30 il ərzində dinc danışıqlar vasitəsilə nizamlamağa “çalışan”, əslində isə heç nə etməyən və münaqişənin mümkün qədər uzanması üçün bütün vasitələrə əl atan, tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunun yeni formasını yaratmağa can atır.
Bu baxımdan, Uilyam De Meyerin Ermənistana səfəri və xüsusilə şərti dövlət sərhədinə yollanması Fransanın bölgədə silahlı təxribat variantını da istisna etməməsinə dəlalət edir. Ssenari bəsitdir: Ermənistan sərhəddə silahlı təxribat törədir, vəziyyət həddən artıq gərginləşir, yeni hərbi əməliyyatlar riski yaranır.
Təbii, Ermənistanın hakimiyyəti və xüsusilə baş nazir Nikol Paşinyan əla bilirlər ki, Bakı ilə silahlı qarşıdurmada İrəvanın heç bir şansı yoxdur. Bilirlər, amma Fransadan alınan göstərişlər və təlimatlar çərçivəsindən kənara çıxa bilmirlər.
Fransa isə vəziyyəti ifrat dərəcədə gərginləşəcəyi halda guya “yeni hərbi əməliyyatlara yol verməmək üçün” situasiyaya müdaxilə edəcək, nizamlanma prosesində moderator funksionallığına yiyələnəcək.
Primitiv olsa da, ssenari budur.
Səbəb – Fransanın Azərbaycana heç bir təsir imkanları yoxdursa, Ermənistana tam təzyiq vasitələri var və üstəlik, Paris indi İrəvanın diplomatiyasını faktiki olaraq, yönləndirir.
Vəziyyəti isə Avropa İttifaqı və Fransa tam absurd həddinə çatdırıblar.
Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədi var, sərhəd müəyyənləşdirilməyib və indi frontir, yəni qarşıdurma xətti formasındadır.
Belədirsə, Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA) nə ilə və ən əsası, niyə məşğuldur?
Nəzərə alsaq ki, EUMA missiyasının rəhbərinin müavini Fransanın hərbi kəşfiyyatının sabiq müavinidir — sualların sayı daha da artır.
Heyətinin tərkibinin əsas hissəsi fransızlardan ibarət EUMA, Fransanın Ermənistanı sürətlə silahlandırması və xarici siyasətdə tam dəstəkləməsi, Parisin Bakıya qarşı artan təzyiqləri – bütün bunlar Parisin İrəvanı “revanş”a hazırladığına dəlalət edən nüanslar sayıla bilərmi?
Bundan sonra nələrin yaşanacağından asılı olmayaraq, Ermənistanla şərti dövlət sərhədimizi daha da möhkəmləndirməli, maksimum dərəcədə sayıq olmalıyıq.
Emmanuel Makron məqsədinə çatmaq üçün istənilən vasitəyə əl atar bilər.(TREND)