İlham Əliyevin uğurla apardığı xarici siyasət  

Göründüyü kimi, son illər Azərbaycanın dünya birliyindəki nüfuzu xeyli artıb. Xüsusilə, Vətən müharibəsindən və ötən ilin sentyabrında bir günlük antiterror tədbirlərindən sonra ölkəmizə qarşı əsassız təzyiqlərin sayı daha da artıb. Azərbaycanın inkişafını və tarixi Qələbəsini, habelə ərazi bütövlüyünü  və suverenliyini bərpa etməsini həzm edə bilməyən Qərbin və Avropanın bir sıra  ermənipərəst dairələri, həmçinin qərəzli, ələbaxım beynəlxalq təşkilatları ölkəmizə qarşı saxta, qeyri- obyektiv qətnamələr qəbul edir, bununla da ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Təbii ki, bütün bunlar Azərbaycanı öz mövqeyindən döndərə bilməz. Bəzi beynəlxalq təşkilatların siyası riyakarlığı onların  iç üzünü açır və  ikili standart mərəzindən xilas ola biməmələrini bir daha təsdiqləyir.

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul etdi. Belə bir nüfuzlu qurumun Baş katibinin ölkəmizə səfəri, görüşlər keçirməsi Azərbaycanın dünya birliyində artan nüfuzunun göztəricisidir. Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Dövlətimizin başçısı Martin Çunqonqu qəbul edən zaman Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın müxtəlif bəhanələrlə sülh müqaviləsindən yayınmasından, Fransanın regiomda vəziyyəti gərginləşdirməsindən, beynəlxalq riyakarlığın Cənubi Qafqazda sülh proseinə problem yaratmasından söhbət açıb. Görüşdə dövlət başçısı qeyd etdi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.

Eyni zamanda, Prezident İlham Əliyev Martin Çunqonqunun diqqətinə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib.

Görüşdə Prezidentimiz ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu da vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış etdi. Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Onu da qeyd edim ki, Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmadığı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.

Sonda qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir.

 

Mönsüm ALIŞOV, pedoqoji elmlər doktoru, professor