Buralarda camaatı DİNLƏYƏN YOXDUR… – GİLEY

Astara rayonunun Şuvi kəndində ötən ilin sentyabrında torpaq sürüşməsi baş veməsinə baxmayaraq, onun nəticələri hələ də aradan qaldırılmayıb. Kənd sakinləri Turan-a bildiriblər ki, sürüşmə nəticəsində kənddəki evlər yararsız hala düşüb, amma aidiyyəti qurumlar tədbir görmür.

Kənd sakini Cümşüdov Habil bildirib ki, sürüşmə sentyabr ayında yağışlar yağandan sonra başlayıb. “Son günlər isə qar yağandan sonra sürüşmə daha da genişlənib, kənddə olan 3 evə, o cümlədən mənim evimə ziyan dəyib”.

Onun sözlərinə görə, evi yararsız hala düşüb. “Biz artıq evimizdə qala bilmirik, valideynlərimin evində yerləşmişik. Çünki təhlükəlidir, artıq bu evdə yaşamaq mümkün deyil”.

Cümşüdov qeyd edib ki, torpaq vergisini ödədiyinə, kommunal xətləri çəkməsinə baxmayaraq, ona evini qanunsuz tikdiyini və buna görə kompensasiya ala bilməyəcəyini bildiriblər.

“Mən torpağı 1999-cu ildə almışam, 2001-ci ildə də ev inşa olunub, 2004-də isə burada Hirkan milli parkı salınmağa başlayıb. İndi mənə deyirlər ki, sənin evin parka düşən ərazidə qanunsuz tikilib. Mənim evimə qaz da çəkilib, işığı da çəkilib, torpaq üçün vergi da vermişəm. Necə olur ki, mən torpağa görə həmişə vergi vermişəm, park da burada tikilir? İndi buna görə mənə kompensasiya vermirlər”, deyə o qeyd edib.

Kənd sakini deyir ki, rəsmi qurumlar onların aqibəti ilə maraqlanmır.

“İcra hakimiyyətinə getmişəm, orada heç kim yoxdur, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng vurmuşuq, gələn yoxdur. Burada bir nəfər ölsə kim cavab verəcək?”, deyə o, sual edib.

Astara Rayon İcra Hakimiyyətindən isə Turan-a bildirilib ki, bu, indiki sürüşmə deyil, iki il bundan öncə olan sürüşmədir.

“Onlar hamısı qeydiyyata alınıb. Bugünki sürüşmə isə meşə ərazisində olub. Orada vətəndaş tikinti norma qaydalarına əməl etməyib, özbaşına tikib və bu gün deyir ki, sürüşmə var”.

Qurumdan qeyd olunub ki, iki il öncə əraziyə mütəxəssislər dəvət ounub.

“Gəliblər, baxıblar, evin sənədlərini, torpaq sənədlərini istəyiblər, heç kəs sənədləri verə bilməyib”.

Əlavə olunub ki, vətəndaşlar öz evlərini sığortalamalıdır.

“Son dövrdə bu cür sürüşmələr baş verir, vətəndaşlara xəbərdarlıq da olunmuşdu. Amma heç kim evini sığortalamır. Ona görə də dövlət tərəfindən hansısa kömək olacağına inamırıq. Amma, hər ehtimala qarşı, biz Fövəqladə Hallar Nazirliyinə rəy göndərmişik”, deyə yerli icra hakimiyyətindən Turan-a bildiriblər. 

Mənbə