Seçki hər bir ölkənin həyatında mühüm hadisə olmaqla bərabər idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələdir. Azərbaycanda gerçəkləşən islahatlar prosesinin tərkib hissəsi olan prezident seçkiləri insanların düşüncəsində pozitiv əhval ruhiyyə yaradıb. Bütov Azərbaycanda keçirilən bu seçki hər bir vətəndaş üçün qürurlu prosesdir. İllərdir ki, hər birimizin ürəyindən keçirdi, ciddi hədəfimiz olub ki, Azərbaycanın hər bir məkanında bayrağımız dalğalansın. Ölkənin ərazi bütövlüyü təmin edilsin. Artıq həmin tarixi an yetişib. Bayrağımız dalğalanır və işğaldan azad olunmuş bütün məkanlarda belə tarixi məqamlara, seçki prosesinə şahidlik edirik. Şübhəsiz ki, bu gün bizi vətəndaş olaraq düşündürən odur ki, bu seçki Azərbaycanın tarixində, demokratik ənənələrin möhkəmlənməsində əhəmiyyətli məqam olsun.
Medianın seçki prosesinə münasibəti ilə bağlı fikirlərimi bölüşmək istərdim. Media bəzən çətin etik dillemalar qarşısında qalır. Seçki prosesində jurnalistin davranışı jurnalistikanın prinsiplərinə, mahiyyətinə zidd olmamalıdır. Dünyanın bir sıra ölkəsində jurnalist təşkilatları etika məcəlləsini qəbul ediblər. Lakin bu sənəd yalnız seçki proseslərini işıqlandırmaq məqsədilə nəzərdə tutulmayıb. Etika məcəlləsində ən ümumi prinsiplər, faktların doğruluğu, dəqiqliyi, yoxlanması nəzərdə tutulub. Mənim qənaətimcə, mediada etibarlılıq, ədalətlilik, balanslılıq və qərəzsizlik prinsipi qorunmalıdır. Əslində bu prinsiplər yalnız seçki dönəmində deyil, hər zaman media üçün əhəmiyyətlidir.
Dünyada gedən proseslər, müharibələr. iqtisadi təlatümlər və s. bir çox hallarda ədalətsizlikərdən qaynaqlanır. Ümumilikdə nəzər salsaq görərik ki, dünyada, o cümlədən Qərbdə liberal dəyərlər, demokratik prinsiplər mahiyyətini itirir. Əvəzində qorxulu millətçilik və antitürk əhval-ruhiyyəsi genişlənir. Düşünürəm ki, məhz belə məqamda beynəlxalq aləmdə davam edən mənfi tendendensiyalardan biz dövlət olaraq, millət olaraq özümüzü qorumağı bacaracayıq. Ən əsası regiona sabitlik, sülh, inkişaf gətirə biləcək modeli tətbiq etmək imkanı yaranacaq. Təbii ki, seçki bu yolda strateji hədəflərdən biridir. Digər tərəfdən azad seçki məsuliyyətli cəmiyyətin göstəricisidir.
Əkrəm Bəydəmirli