“Azəriqaz”ın su qızdırıcılarına qarşı “KAMPANİYASI”: – “Seçki ərəfəsində belə addımların atılması əhalini…”

“Öz təcrübəmdə təbii qazdan bu cür kütləvi qırğınların baş verməsinin şahidi olmamışam”

Bu fikirləri “Azəriqaz”ın fərdi evlərdə və mənzillərdə qazla işləyən su qızdırıcılarından istifadəyə qadağa qoyması haqda danışan kommunal məsələləri üzrə ekspert Nüsrət Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Azəriqaz”ın bu addımı əhalinin narazılığına səbəb olur:

“Hamam otaqlarındakı su qızıdırıcılarına qaz verilişinin dayandırılması tamamilə səhv addımdır. “Azəriqaz”ın bu addımı əhalini narahat edir. Xüsusilə, indiki seçki ərəfəsində belə addımların atılması əhalini hökümətdən narazı salır.

Azərbaycan xalqı 90 ildən çoxdur ki, təbii qazdan istifadə edir. Bəli, ötən dövrlərdə qazla işləyən qızdırıcı cihazlar primitiv idi. 1950-60-cı illərdə KQ-56, KQ-4 tipli cihazlar Azərbaycanda istehsal olunurdu. Hazırda baş verən bədbəzxt hadisələrin səbəbini hamam otaqlarında yerləşən su qızdırıcılarında görürlər.

Məgər dəm qazından boğulan 2 tələbə hamamda olarkən o faciə baş vermişdi? Bu işin nəticə hissəsidir. Nəticəni kənarda saxlayıb səbəbi axtarmaq lazımdır. Mən ömrümün 60 ilini nəzarətçi olaraq bu işə sərf etmişəm. Hələ öz təcrübəmdə qazdan belə kütləvi qırğınların şahidi olmamışam.

Həqiqət bundadır ki, bütün dünyada qazın təhlükəsiz istifadəsi təchizatçının nəzarətində olur. Lakin bizdə “Azəriqaz”ın nümayəndəsi özü etiraf etdi ki, 2016-cı ildən 2024-cü ilə qədər abonentlərlə heç bir profilaktik iş aparılmayıb”.

Mütəxəssis bu məsələlərə ciddi nəzarətin təşkil olunmasının vacibliyindən danışıb:

“Əhali yerində maarifləndirilmirsə, qaz cihazları yoxlanılmırsa, zəlzədən sonra qaz xətləri, sızmazı, qaz boruların qaynaqlarında əmələ gələn çatları yoxlanılmırsa, əlbəttə, partlayış, yanğın, qaz sızmasından insan tələfatı baş verəcək. Mədəndən hasil olunan qaz müxtəlif qatqılarla, neftlə, kükürdlə birgə çıxır. Həmin qaz emal zavodunda təmizləndikdən sonra əhalinin istifadəsinə verilməlidir.

“Azəriqaz” da minadan daha təhlükəli olan qazı istifadəyə versə də, bu işlərə cavabdehlik daşımaq istəmir. Bəs kim nəzarət etməlidir? Düzdür, bəzən bu məsələdə abonentlərdə də günah olur. Evində qaz cihazı quraşdırarkən təcrübəsiz ustalara əmanət edir.

Heç bir ev sahibinin qaz xəttinə toxunmağa ixtiyarı yoxdur. Buna ciddi nəzarət olunmalıdır. Əhalinin bir qismi kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edir. Bu da ciddi təhlükə yaradır. Buna daim nəzarət edilməli, ildə bir dəfə yox, hər ay yoxlanılmalıdır”.

Mənbə