Şənbə günü İrandakı Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib.
Bu gün İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi məhkəmə ilə bağlı bir sıra detalları açıqlayıb.
Onun sözlərinə görə, məhkəmənin hökmü tezliklə elan olunacaq.
“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq”, – Kənani deyib.
Sözçü vurğulayıb ki, iki ölkənin dövlət qurumları hadisənin əlaqələrə təsirini minimuma endirmək üçün çox çalışıb. “Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”, – XİN sözçüsü qeyd edib.