Rusiyanın ən böyük şəhərlərindən biri olan Samara sakinləri ərzaq mağazalarının rəflərinin boş olduğunu bildirirlər. Toyuq, yumurta, meyvə və tərəvəz yoxdur. Belə vəziyyət yanvarın 20-də(!) başlayıb və hava şəraitinin yaxşılaşmasına baxmayaraq məhsullar hələ də satışa çıxarılmayıb.
Moderator.az xəbər verir ki, bu barədə “The Moscow Times”(“Moskva-Tayms”) yazır.
Pərakəndə satış şəbəkələri qıtlığı keçən həftə bölgədə yaranmış çətin hava şəraiti ilə izah edirlər. Təchizatçılar deyirlər ki, mallar paylama mərkəzlərindən gətirilərkən çatdırılma zamanı bəzi problemlər yolların təmizlənməsi ilə bağlı yaranır.
Mütəxəssislər qeyd edirlər ki, oxşar ərzaq problemləri Rusiyanın digər regionlarında da baş verir. Xüsusilə, Yekaterinburq, Çelyabinsk və Ulyanovsk sakinləri də boş rəflər və ərzaq tədarükündə, xüsusən də toyuq çatdırılmasında fasilələrlə üzləşirlər.
Rusiyada sanksiyalar və hərbi əməliyyatlarla müşayiət olunan iqtisadi böhran ölkə iqtisadiyyatına təzyiq göstərir. Ötən il Rusiya Federasiyasında toyuq ətinin qiymətləri 27,7% artıb, bu il isə vəziyyət daha da pisləşib.
Mütəxəssislər çatışmazlığı də onunla əlaqələndirirlər ki, müharibədən əvvəl Rusiya Federasiyası əsas malların idxalından xeyli dərəcədə asılı olub və indi isə daxili bazarlar itkiləri tam ödəyə bilmir.
Qeyd edək ki, yanvarın 23-də qaziler.az-ın yazdığına görə, Rusiyanın Çuvaş Respublikasında da ərzaq qıtlığı hökm sürür.
Hökumət ərzaq mağazalarındakı boş rəfləri pis hava şəraiti ilə əlaqədar logistika problemlərinin olması ilə izah edib. Vəziyyətə respublika hökuməti başçısının müavini Dmitri Krasnov öz telegram-kanalında aydınlıq gətirib:
“Həqiqətən də, bir sıra pərakəndə satış məntəqələrində ərzaq təchizatında boşluqlar müşahidə edirik. Eyni zamanda, əsas məhsullar – süd, yumurta, çörək, toyuq, balıq, soyudulmuş və ya dondurulmuş məhsullar mövcuddur”…