On üç yanvar 2024-cü il. Bakıya Yeni ildə ilk qar yağan gün-küləkli, çovğunlu bir qış axşamı.
Necə deyərlər, heç evdən çıxmalı bir hava deyil…
Amma, musiqiyə olan həvəsim və sevgim, xüsusilə də mənimçün doğma olan-bütün konsert proqramlarına dəvətli olduğum Müslüm Maqomoyev adına Azərbaycan Dövlət Filarmoniyasında bu axşam gerçələşəcək, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertinə doqquz yaşlı nəvəm Mehdi ilə birlikdə yollandıq. Hava soyuq olsa da, gedəcəyimiz məkanın, seyr edəcəyimiz ecazkar musiqi nömrələrinin hərarəti elə yoldaca bizi isindirməyə başalamışdı.
Dəvəti adı çəkilən musiqi kollektivinin bədii rəhbəri və baş drijoru Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti və “Dirijorluq kafedrası”nın müəllimi, Prezidentin Fərdi təqaüdçüsü, dünya çapında özünəməxsus yeri olan-dostum Fəxrəddin Kərimovdan və onun həyat yoldaşı-Bakı Musiqi Akademiyasının baş müəllimi-səriştəli pianoçu Yuliya xanım Kərimovadan aldığımdan, bugünkü konsertin mahiyyəti mənimçün daha da önəmli idi.
Yuxarıda qeyd etdiyim kimi, bayırda əlverişsiz hava şəraiti hökm sürürdü və düşünürdüm ki, konsetə gələnlərin sayı məhdud ola bilər. Elə zala daxil olarkən ilk baxışda da, belə idi, zalda az sayda tamaşaçı var idi.
Amma…
Kosertin başlamasına saylı dəqiqələr qalanda isə Filarmoniyanın konset salonuna tamaşaçıların kütləvi axını başladı və bir anda onlar zalın əksər hissəsini doldurdular.
Nəhayət ki, Orkestrin üzvləri səhnədə öz yerlərini tutdular və aparıcı xanım konsert proqramını açmaq və giriş sözü söyləməkçün Azərbaycan Milli Konservatoriyasının dosenti və “Dirijorluq kafedrası”nın müdiri Leyla xanım Zalıyevanı səhnəyə dəvət etdi.
Leyla xanım bugünkü konsert proqramı barəsində müfəssəl məlumat verərək, proqrama daxil edilmiş əsərlər və onların müəllifləri-dünya şöhrətli bəstəkarların həyat və yaradıcılıqları barədə lokanik söz açaraq, bəzi əsərlərin Azərbaycanda ilk dəfə maestro Fəxrəddin Kərimovun təşəbbüsü və dirijorluğu ilə səslənəcəyini də tamaşaçıların diqqətinə təqdim etdi.
Orkestr tərəfindən ilk səsləndirilən musiqi nömrəsi, İtalyan bəstəkarı G.Rossininin Overture “Il Signor Bruschino” adlı əsəri, növbəti musiqi nömrəsi isə alman bəstəkarı F.Schrekerin “İntermezzo, op.8” əsəri oldu ki, bu əsərlərin hər ikisi Azərbaycanda ilk dəfə ifa olunurdular. Hər iki konsert nömrəsi tamaşaçıların gurultulu alqışları ilə müşayət olundu.
Sonra isə daha böyük-üç hissəli simfonik əsər-alman bəstəkarı F.Mendelssohnin “Double Concerto in D minor for Violin, Piano and String” oldu ki, solistlər Orkestrin konsertmeystri Rövşən Əmrahov (violin) və Yuliya Kərimova (piano) idilər.
Əsər çox böyük ruh yüksəkliyi ilə ifa olundu. İstər Yuliya xanımın, istərsə də Rövşən Əmrahovun partiyaları özünəməxsus bir hərarətlə çalınırdı. Əsər ifa olunan zaman tamaşaçıların heyrətli baxışları, zaldakı lal sükut, əsərin yüksək peşəkarlıqla ifa olunmasından və tamaşaçılara zövq verməsindən xəbər verirdi.
Əsərin daha ecazkar səslənməsindəki rol maestro başda olmaqla, Orkestrin üzərinə düşürdü. Fəxrəddin müəllim bütün musiqi nömrələrini idarə etdiyi zaman olduğu kimi, bu əsərin ifası zamanı da Orketstri idara edərkən, özünü əsərin bir komponenti kimi təqdim edir, plastik əl elementləri ilə ayrı-ayrı müsiqi alətlərinin ifaçılarına sehirli dirijor çubuğu ilə verdiyi işarələrlə, musiqi nömrəsinin axıcılığını təmin etməklə, dirijor pultunun arxasında bütün vicudu ilə sanki əsərin məzmununda yer alan məqamları, hadisələri yaşayırdı. Solistlərlə yanaşı, Orkestrin hər bir üzvünün də əsərinin yüksək emosionallıqla səslənməsində bütün bacarıq və qabiliyyətlərini sərgiləmələri aydınca görünür və duyulurdu.
Hər ifaçı öz musiqi aləti ilə qarşılıqlı qarmoniyada olduğu kimi, maestro da hər musiqi aləti ilə ayrı-ayrılıqda sanki danışır, hər musiqi alətinin payına düşən hissəni isə içindən keçirərək ifaçıya ötürürdü.
Əsər bitər-bitməz, tamaşaçıların sürəkli alqışları və təqdim olunan gül-çiçək çələngləri, ifaçıların əsil qiymətini və mükafatını vermiş oldu.
Konsert zamanı səslənən sonuncu musiqi nömrəsi isə alman bəstəkarı V.Herbertin məşhur Serenade, op.12 əsəri oldu. Bu əsər də tamaşaçıların alqışlarını qazandı…
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti isə 24 yanvar 2024-cü il tarixdə elə həmin məkanda gerçəkləşdi.
Təbii ki, mən bu konsertə də maestro tərəfindən dəvətli idim.
Orkestrin ifasında ilk olaraq İtalyan bəstəkarı Arkandcelo Korellinin “Conserto grosso” əsəri səsləndi.
Növbəti əsər alman bəstəkarı İogann Sebastian Baxın “Conserto cembalo” əsəri oldu ki, bu əsəri klavisində İrina Mehdiyeva yüksək emosionallıqla ifa edərək, zaldakıların davamlı alqışlarını qazandı.
Növbəti sırada isə Avstrya bəstəkarı Anton Vebernin “Langsamer Satz” əsəri, sonra səslənən əsər isə Dmitriy Şestokoviçin II Dünya müharibəsi zamanı faşizmdən həlak olmuş insanların xatirəsinə həsr olunmuş “Kamera simfoniyası” oldu.
Konsertdə son olaraq səslənən əsər isə Sergey Prokofiyevin insanda ruh yüksəkliyi yaradan-bəstəkarın “Anilər” silsiləsindən olan 4 pyes op.22 “mimolyetnosti” kimi tanınan məşhur əsəri oldu…
Elə bu konsert proqramı da Fəxrəddin Kərimov və onun komandası tərəfindən yüksək peşəkarlıqla ifa olunaraq, tamaşaçıların zövqünü oxşamağa müyəssər oldular.
Bildiyimiz kimi hər musiqi kollektivi özü-özlüyüdə bir komandadır. Təbii ki, musiqi kollektivini idarə edən pult arxasında dayanan dirijor olur. Dirijorla, kollektivin hər bir üzvü arasında sıx bir təmas, qarşılıqlı anlayış, kollektivin üzvlərinin arasında isə mobil rabitə, nizam-intizam olmasa, təbii ki, hər hansı musiqi nömrəsini layiqincə ərsəyə gətirmək mümkün olmaz. Bu baxımdan, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin uğurlu çıxışları, kollektivdə hökm sürən nizam-intizamın bariz nəticəsidir…
Müasir Azərbaycan drijorluq məktəbinin layiqli üzvü olan Ustad dirijorumuz Fəxrəddin Kərimova və Orkestrin hər bir üzvünə çoxsaylı tamaşaçılar adından dərin təşəkkür və minnətdarlığımı bildirməklə, onlara davamlı sənət uğurları diləyirəm.
Sehirli çubuğunuzla və peşəkar üzvləri olan kollektivinizlə biz musiqisevərləri heyrətləndirməkdə Hamısıah hər zaman yar və yardımçınız olsun MAESTRO!
Amin!
Maestro, sehirli çubuğunu al ələ,
İşarə ver, orkestr astaca gəlsin dilə
Skripka başlasın, viola etsin davam,
Zərb aləti arxada, səslənsin baram…baram…
Fileyta bül-bül təki cəh-cəh etsin-dinləyək,
Trubanın səsini eşidək, yenilənək.
Dillər üstə gəzişsin, Yuliya xanımın əlləri,
Ecazkar səs çıxarsın, pianonun dilləri.
Violençel astaca, qığıldasın körpə tək,
Saksafonun dodağı, qoy açılsın qönçə tək.
Qaboyun iniltisi bülənd olsun göylərə,
Coşa gəlsin, titrəsin, düzən, təpə, dağ, dərə.
Fəxrəddin Kərimovun drijorluq məharəti,
Kim deyər ki, yaratmaz görənlərdə heyrəti.
Fəxrəddin Meydanlı da, nəzmə çəkər bu halı,
Gerçəkliyə çevrilər, zehnindəki xəyalı.
25.01.2024-Bakı