Naxçıvan şəhəri, Şərur rayonu, Qarahəsənli kənd sakini Məmmədov Samur Akif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, çalışdığı bazarın rəhbərliyi hüquqlarını tapdalayır:
“Mən, Məmmədov Samur Akif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
22.10.2023-cü il tarixdə Şərur rayonundakı ticarət mərkəzində baş verən yanğın nəticəsində mən və daha 67 nəfər sahibkarın malları tamamı ilə yanmışdır. Bununla bağlı müxtəlif dövlət orqanlarına şikayət etsək də, heç bir nəticə olmadı. Mağazalar sığortalı olmadığı üçün dövlət tərəfindən bizə pul ödənilmədi. Nəticədə, sığorta haqqı ödəmədiyim üçün özümü günahlandırdım.
Bazarın müdiri Məmmədov Qasım Müslüm oğlu məlum yanğın hadisəsindən sonra birmərtəbəli olan bazarı iki mərtəbə olaraq yenidən bərpa etdirdi və hər kəsi obyektlə təmin etdi. Mənə isə yer vermədi. Səbrlə gözlədim ki, bəlkə ikinci mərtəbədən yer verər, amma vermədi. Dükanların bəziləri satıldı.
Mən məsələ ilə bağlı işi üzərinə götürən Şərur rayon Baş prokurorunun yanına getdim. Qəbul etdi, görüşdük və mənə bildirdi ki, sənin adına yer yoxdur. Mən ona bildirdim ki, ola bilməz, iki nəfər dərzi kimi işləyirdik, iki “polka”mız varıydı, biri mənim, biri də digər adamın idi. Onu da əlavə etdim ki, bəlkə sənəddə mənim adımı yox, digər dərzinin adı qeyd olunub. Dedim ki, bunun günahkarı mən deyiləm, mənim kimi iki “polka”lıq yerdə işləyənlər hər ikisinə də dükan verilib. Prokuror bazarın müdürinə zəng edib danışandan sonra mənə dedi ki, onun yanına get.
Müdirin yanına getdim, məni qəzəbli qarşıladı və dedi ki, sənin yerin yoxdur, bil. Ona izah etdim ki, iki nəfər işləyirdik, amma məni dinləmədi. Sonra isə “yaxşı edib sənə yer vermədim, başqalarının adlarını çəkmə, “rədd ol”get, sənə yer yoxdur”, – deəy məni qovdu.
Yenidən prokurorun yanına getdim. O, mənə dedi ki, gözlə, sənə xəbər edəcəm, İcra Hakimiyyəti ilə görüşərsən. Gözlədim, xəbər çıxmadı. Bir müddət sonra təkrar prokurorluğa getdim. Mənə dedilər ki, səni unutmuşuq, get İcra Hakimiyyətinə şikayət elə.
İcra Hakimiyyətinə şikayətə getdim, onlar da “biz bazara qarışa bilmərik”, – dedilər.
Onu da qeyd edim ki, bazar müdirinin məni təhqir etməsi, “yaxşı edib sənə yer vermirəm” deməsini sübüt edə bilərəm.
Mənim adım orada yoxdursa, necə olur ki, məhkəmə orada yerimin olduğu haqda qərar verib?! Sadəcə, özbaşınalıq baş alıb gedir. Vəzifəli şəxslərə güvənib, mənim kimi vətəndaşları əzirlər. Yanan avadanlıqların da hamısını sübüt etməyə hazıram”.