“Avey” qoruğunun yaxınlığındakı partlayışlarla bağlı monitorinqlər keçiriləcək

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən abidələrin qorunması və ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün qoruğun mühafizə zonasının yaxınlığında fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilən texniki partlayışların təsirinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət ekspert komissiyasının ilk iclası keçirilib.

Dövlət Xidmətindən Yenixeber.org-a verilən xəbərə görə, iclasda çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Bildirib ki, bunun üçün ekspert komissiyasının üzvü olan dövlət orqanları ilə birgə iş aparılacaqdır.

İclasda komissiya üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qərb Regional Müfəttişliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları texniki partlayışların sözügedən qoruqda yerləşən abidələrə təsirinin mümkün nəticələri ilə bağlı fikir mübadiləsi aparılıblar.

İclasda texniki partlayışların təsirinin daha dəqiq müəyyən edilməsi və qiymətləndirilməsi üçün müvafiq qurumların iştirakı ilə ərazidə monitorinq işlərinin həyata keçirilməsi qərara alınıb.

Mənbə