Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.