Noyabrın 15-dən çoxmənzilli binalara istilik verilib-verilməməsindən asılı olmayaraq qiymətlər əvvəllər olduğu kimi yaşayış sahəsinə uyğun yox, ümumi sahəyə uyğun hesablanır. “Azəristilik” bunu NK-nın 05.09.2023 tarixli, 303 saylı qərarı ilə izah edirlər. Halbuki NK-nın qiymət müəyyən etmək hüququ yoxdur, ölkədə kommunal istehlak qiymətlərini İqtisadiyyat Nazirliyi yanında Tarif Şurası müəyyən edir və təbii ki, qiymətlərin artıb-azalmasına da bu Şura qərar verir. Tarif Şurasının qərarında isə istilik qiymətlərinin həcmi mənzillərin yaşayış sahəsinin kvadrat metrinə 0.15 manat müəyyən olunub. Hələ ki bu qiymətin artırılması, yaxud başqa meyarla, yəni ümumi sahəyə uyğun hesablanması barədə Tarif Şurasının qərarı yoxdur. Belə bəlli olur ki, “Azəristilik” özbaşına qiymətləri qaldırıb.
Bəs Tarif Şurası niyə susur? Bəs İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasına niyə qiymət vermir? Yaşayış olmayan, istilik verilməyən sahəyə görə abonentdən- istehlakçıdan necə istilik haqqı tələb oluna bilər? Bəlkə bu xidmət qurumları “ölüb”, ləğv olunub? İstehlakçı hüquqlarının durumu başqa cür fikirləşməyə yer qoymur…
Məğrur Bədəlsoy
dia-az.info