Prezident tərəfindən 4 medalla mükafatlandırılan şəhidin anası çarəsiz vəziyyətdə – AXI NİYƏ?

Tovuz rayonu, Pələkli kənd sakini, şəhid anası Əliyeva Kübrə Qulu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şəhid anasının məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Mən, Əliyeva Kübrə Qulu qızı, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum Əliyev Aqil Faiq oğlu 44 günlük Vətən müharibəsində Şəhid olub.
Mən hazırda ucqar kənddə, acınacaqlı şəraitdə yaşayıram. Himayəmdə 2 fiziki qüsurlu övladım var. Yaşadığım evdə məcburən, yəni çöldə qalmamaq üçün müvəqqəti olaraq yaşayıram.
Sizdən xahiş edirəm ki, şəhid balama və 2 qüsurlü övladıma xatir məni evlə təmin edəsiniz.

Evdə qaz yoxdur, aldığım təqaüd odun xərcini və xəstə övladlarımın iynə-dərmanını ancaq görür.
Qeyd edim ki, oğlum Əliyev Aqil 1999-cu il, yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-ci ilin sentyabrında Pələkli kəndində Şəhid Rəhmanov Vaqif adına tam orta məktəbinə daxil olub. Atası Əliyev Faiq Çərkəz oğlu 2001-ci il avqustun 1-də uzun müddət sürən xərçəng xəstəlyindən dünyasını dəyişib.
Aqil 1 yaşından atasız böyüyüb. Uşaqlarımı tək böyüdüb, boya-başa çatdırmışam. Aqilin ən böyük arzusu futbolçu olmaq idi. Lakin imkanımız yaxşı olmadığından, onu bu arzusuna çatdıra bilmədik. Daha sonra hərbçi olmaq istədiyini bildirdi. Bu səbəblə də, 2017-ci il yanvarın 11-də həqiqi hərbi çağrışı ilə Vətənə xidmətə yollandı.
9 noyabr 2017-ci ildə hərbi hissə komandiri, polkovnik-leytenant Vilayət Quliyev tərəfindən “Fəxri Fərman”la təltif olunub.
2020-ci il yanvarın 21-də Mingəçevirdə kursa yollanıb. 17 martda doğma yurdu olan Tovuza qayıdıb.

Aprelin 14-dən etibarən N nömrəli hərbi hissədə qulluq edib. Tovuz döyüşlərində qəhramanlıqlar göstərib.

15.10.2020-ci il tarixində Suqovuşan, Talış ərazisində gedən döyüşlərdə 21 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Cənab Prezident!

Oğlum subay idi. Qəlbi daim Vətən eşqi ilə döyünürdü. O, hər dəfə Dağlıq Qarabağın işğalı barədə söz düşəndə “biz uduzan xalq deyilik ” deyərək, qətiyyətli vətənpərvər mövqeyindən bir addım da geri çəkilmirdi.

Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşcü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sizdən xahiş edirəm ki, mənim müraciətimi cavabsız qoymayın”.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.(Hurriyyet.az)
https://www.youtube.com/watch?v=u7-lREpBdCs



Mənbə