Dekabrın 27-də Azərbaycan İstiqlal Muzeyində rəssam Ülkər Əbülfətin Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bir millət, iki dövlət” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Veteran Tankçılar İctimai Birliyi və Bakı Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, rəssamın əsərlərində Qarabağımız, dini tikililər və abidələr çox gözəl formada əks olunub.
Azərbaycanın din, mədəniyyət və dünyəvilik harmoniyasını ustalıqla qoruduğunu söyləyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib:
“Azərbaycan xalqı əzmkarlığı ilə hər zaman seçilib. Biz İkinci Qarabağ müharibəsi zamanı bunun bir daha şahidi olduq. Xalq Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Biz şanlı Qələbəmizlə kimliyimizi bir daha sübut etdik”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov sərgidə nümayiş olunan rəsmlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, sərginin ekspozisiyasında yer alan sənət əsərlərində milli ruh əks olunub.
Sərginin müəllifi Ülkər Əbülfət yaradıcılığına görə diplom və mükafata layiq görülüb.
Daha sonra iştirakçılar sərgi ilə tanış olublar.