Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim Ziya Bünyadovun anadan olmasının 100 ili tamam oldu. Ziya müəllim böyük alim olmaqla bərabər, hər zaman doğrunu deyən ləyaqətli insan olub. Onun ömür yoluna nəzər saldıqda bu tarixi gerçəyi görmək mümkündür.
Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman dürüst ziyalı mövqeyi ilə seçilib. Bu məqam ziyalı üçün son dərəcə zəruridir.
Məlumdur ki, tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi.
Böyük şəxsiyyət Ziya Bünyadovun fədakarlığı nəticəsində amansız repressiyalarının qurbanlarının qaranlıq taleyinə işıq salınır. Ziya müəllim saxta dəlillər əsasında məhkum edilmiş Azərbaycan ziyalılarının hər biri haqqında məlumatlar toplayaraq “Qırmızı terror” kitabını ərsəyə gətirərək həqiqəti ortaya çıxarır.
Bu gün mən repressiya tarixini tədqiq edərkən o böyük şəxsiyyəti ehtiramla xatırlayaram. “Qırmızı terror” kitabını vərəqləyərkən həm günahsız qurban gedən yüzlərlə o işıqlı insanlara, həm də kitabın müəllifi Ziya Bünyadova rəhmət diləyirəm. Fizikanın bir qanunu var. Enerji itmir. Nəyə isə sərf olunmalıdır. İşıqlı, ləyaqətli insanlar öz intellektual enerjilərini hər zaman Ziya müəllim kimi, millətə sərf edirlər.
Əkrəm Bəydəmirli