Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün Vətən qarşısında xidməti olanlara hərtərəfli qayğı göstərilir, şəhid ailələri və qazilər mənzil və avtomobillə təmin olunurlar. Ölkəmizdə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir.
Qeyd olunub ki, muxtar respublikada da şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin iqtisadi imkanları, mövcud sabitlik, dövlət-xalq birliyi istənilən sosial tədbirlərin həyata keçirilməsinə imkan verir. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqları bundan sonra da unudulmayacaq, şəhid ailələri, şəhid övladları daim dövlətimizin himayəsi altında yaşayacaqlar. Şəhid ailələri Vətən uğrunda canlarını qurban verən igid oğullarının itkisini ailələrinin faciəsi kimi deyil, xalqın qəhrəmanlıq nümunəsi kimi qarşıladılar. Azərbaycan xalqı belə igid oğulların və onları dünyaya gətirən anaların sayəsində daim var olacaq.
Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli müasir Azərbaycanın təməlinin Ulu Öndər tərəfindən Naxçıvanda qoyulmasından, həmin çətin illərdə insanlar dahi rəhbərin ətrafında sıx birləşərək qədim yurdu düşməndən qorumasından, Sədərəkdən Şuşaya gedən yoldan bəhs edib. Bildirilib ki, Birinci Qarabağ müharibəsində Vətəni müdafiə edən ataların oğulları şanlı bayrağımızı Şuşaya, Laçına sancdı. Naxçıvanın igid oğulları buradan Qarabağa gedərək “dəmir yumruğ”un bir hissəsi oldular. Qanları, canları ilə Vətənin bir parçasını azad etdilər.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov dahi rəhbərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ordumuzun rəşadətindən, Ali Baş Komandanın uğurlu siyasətindən danışaraq vurğulayıb ki, cəsur oğullarımızın şücaəti hesabına ərazi bütövlüyümüz təmin edildi; cari ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərində də Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi.
Qeyd olunub ki, I və II Qarabağ müharibələrində şərurlular da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. I Qarabağ müharibəsində 72, II Qarabağ müharibəsində 31 olmaqla, 103 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalıb. Belə cəsur döyüşçülərimizdən biri də Dizə kəndinin yetirməsi mayor Vüsal Vəliyevdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə ölkəmizdə şəhid ailələrinə və qazilərimizə göstərilən qayğıdan danışıb. Bildirib ki, Vətən uğrunda sağlamlığını itirmiş oğullar, övladlarını Vətənə qurban verən valideynlər, şəhidlərimizin övladları dövlətimizin qayğısı əhatəsindədirlər.
Tədbirdə şəhid anaları adından Vətən müharibəsi şəhidi Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid ataları adından şəhid Zülal Mədətlinin və Aqil İsmayılovun ataları, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy, şəhidin kursant yoldaşı Amil Tağıyev çıxış ediblər. Bildirilib ki, Vüsal Vəliyev döyüşlərdə göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Tədbirdə Vüsal Vəliyevin anasına onun kursant yoldaşı Amil Tağıyev tərəfindən Vüsalın Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış kursant yoldaşlarının – 14 şəhidin fotosu əks olunmuş saat hədiyyə edilib.
Sonda məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.