Fəxrəddin MEYDANLI Nadir-nadir adamdı… (“Nadir Axundov-75” silsiləsindən)

Fəxrəddin MEYDANLI
Nadir-nadir adamdı…
(“Nadir Axundov-75” silsiləsindən)
Adam var ki, ara-axtar,
Adam da var, yaxa qutar…(F.M.)
Haqqında söhbət açmaq istədiyim adamın bu iki qismin hansından olduğunu sən özün ayırd elə, əlahəzrət oxucum.
Bu yazımın qəhrəmanı barədə yazmaq mənimçün həm xoşdur, həm də şərəflidir.
Xoşdur ona görə ki, o ancaq xoşniyyətli əməllərin sahibidir-təbii ki, mən onu belə tanımışam.
Şərəfdir ona görə ki, onun Azərbaycan milli musiqi sənətinin-xüsusən də milli muğamlarımızın inkişafında, gənc ifaçıların aranıb-axtarılaraq yetişdirilməsində müstəsna rolu danılmazdır.
Peşəkarlığı, yorulmaz fəaliyyəti və nəticə etibariylə yaradıcı məhsuldarlığı ilə Azərbaycan teleməkanında öz xüsusi çəkisi olan bir şəxs-sözün əsil mənasında şəxsiyyət haqqında söz açmaq istəyirəm.
2005-ci ildən başlayaraq hər iki ildən bir gerçəkləşən və hər dəfə üç ay yarım-dord ay ərzində həftənin iki və dördüncü günlərində axşam saat 21.00-da Azərbaycan televiziyasının canlı efiri vasitəsiylə yayımlanan I-II-III-IV-V və Vl “Televiziya Muğam Müsabiqəsi”nin icraçısı olmuş, Respublikanın Əməkdar İncəsənət Xadimi Nadir Axundov, türk dünyasında, muğamsevər dünya ictimaiyyəti tərəfindən yaxşı tanınan simalardandır.
Nadir müəllim Space Tv-nin Musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışarkən, hələ 2003-ildə “Azərstar” kommersiya televizya musiqi müsabiqəsi layihəsinin icraçısı olmuş və həm də bu layihəni özü də daxil olmala münsiflər-Azərbaycan Respublikasının Xalq artistləri-müğənnilər mərhum Yalçın Rzazadə və İlhamə Quliyeva, müğənni Nisə Qasımova, bəstəkar Faiq Sucəddinov, vokalçı Rauf Babayev və Xalq şairi Vahid Əzizlə birlikdə gerçəkləşdirə bilmişdir.
Nadir müəllimin gərgin əməyi sayəsində Ölkəmizin bölgələrindən seçilərək müsabiqəyə dəvət olunan gənclər sırasından hazırda dinləyicilər tərəfindən sevilən Ayaz Qasımov, Elton Həsənquliyev və Nurlan Növrəsli kimi gənc və istedadlı müğənnilər müsabiqənin qalibi adına layiq görülmüşlər.
1977-ci ildə Səmərqənddə-Fateh Teymurun vaxtilə inşa elətdirdiyi “Şiri dor” (“Şirin qapısı”) mədrəsəsində keçirilən “Beynəlxalq Muğam Simpoziumu”nda müğənni Sara Qədimova, tarzənlər Bəhram Mənsurov, Tələt Bakıxanov və Ramiz Quliyev, xanəndə Alim Qasımov, “Qarabağ bülbülləri” və Nadir Axundov, həmçinin Azərbaycanın bir sıra bəstəkar və musiqişünasları da iştirak etmişlər.
Simpoziumdan qayıdandan sonra Nadir Axundovun tərtibatı ilə musiqişünas Ramiz Zöhrabovla “Muğam Azərbaycanındır” adlı bir saat on beş dəqiqəlik verliş hazırlanaraq efirə verilmişdir.
Nadir müəllim nəql eləyir ki, 04 fevral 2005-ci il tarixdə Heydər Əliyev Fondunda Azərbaycan Respublikasının Birinci xanımı-Heydər Əliyev Fondunun Prezidenti, hazırda həm də Azərbaycan Respublikasının birinci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının xalq artistləri-xanəndə Arif Babayevin, Canəli Əkbərovun, Ağaxan Abdullayevin, Azərbaycan Respublikasının xalq artisti-bəstəkar-Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin, Azərbaycan Respublikasının xalq artistləri-kaman ustaları Habil Əliyevin və Şəfiqə Eyvazovanın,  tarzən Ramiz Quliyevin və Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Nadir Axundovun iştirakı ilə keçirilən görüşdə Mehriban xanım Əliyeva Azərbaycan muğamı ilə bağlı doqquz-o cümlədən, “Qarabağ xanəndələrinin diskləri”nin hazırlanması ilə bağlı lahiyyələri təqdim etmişdir.
Habil Əliyev söz alaraq, Mehriban xanımın təqdim etdiyi layihələri təqdir edərək, onun bu sahədə apardığı ardıcıl və məqsədyönlü işlərə görə Mehriban xanıma təşəkkürlərini bildirmişdir.
Mehriban xanım Space Tvdə gerçəkləşmiş “Azərstar” layihəsini xatırladaraq, Nadir Axundova muğamımızla da bağlı “Muğamstar” kimi belə bir layihənin hazırlanmasını tövsiyyə etmiş, Nadir Axundov isə öz növbəsində, müvafiq “Telemuğam müsabiqəsi”nin layihəsini hazırlayaraq Heydər Əliyev Fonduna hədiyyə edəcəyini bildirmişdir.
Beləliklə, Mehriban xanım Əliyeva tərəfindən Nadir Axundovun təklifi bəyənilmiş və tezliklə Azərbaycan Respublikasının xalq artistləri xanəndələr Arif Babayevin, Ağaxan Abdullayevin, Mənsum İbrahimovun, Səkinə İsmayılovanın, tarzənlər Ramiz Quliyevin və Möhlət Müslümovun, musiqişünas-professor Ramiz Zöhrabovun, Əməkdar incəsənət xadimi Nadir Axundovun və Həkim Qəninin də daxil olduqları “Münsiflər heyəti” formalaşdırılmışdır.
Münsiflər tərəfindən fəaliyyət planı tərtib edilmiş və respublikanın bölgələrini qarış-qarış gəzərək gənc istedadlardan ibarət bir qrup insanlar dinlənilərək kəşf olunmuş  və seçim müsabiqəsi nəticəsində isə onlardan 20 nəfərinə “Telemuğam müsabiqəsi”ndə iştirak etmək vəsiqəsi verilmişdir.
2005-ci ildə Space telekanalının studiyasından canlı yayımlanan I “Telemuğam müsabiqəsi”nin nəticələrinə görə müsabiqədə iştirak edən 20 nəfərdən I yerin qalibi Ağdamdan Təyyar Bayramov, II yerin qalibi Kəlbəcərdən Babək Niftəliyev  və III yerin qalibi isə Ağdamdan İlkin Əhmədov (hazırda hər üçü Azərbaycan Respublikasının Əməkdar artistidirlər) olmuşlar.
Nadir Axundov 2006-cı ildə yenidən doğma Azərbaycan televiziyasına dəvət alaraq, “Musiqi redaksiyası”nın baş redaktoru vəzifəsində fəaliyyətini davam etdirməyə başlayır.
O, icraçısı olduğu “Telemuğam müsabiqəsi”nin növbəti mərhələlərini artıq Azərbaycan Televiziyası vasitəsiylə gerçəkləşdirməyə nail olur.
Beləliklə o, II “Televiziya Muğam Müsabiqəsini”nin reallaşmasına 2007-ci ildə, daha cəzbedici formatda start verilir və bu layihə Rəşid Behbudov adına “Mahnı teatrı”nın konsert salonundan canlı olaraq yayımlanır.
Belə ki, I “Telemuğam müsabiqəsi” zamanı iştirakçılar öz paltarlarında çıxış edirdilərsə, II “Telemuğam müsabiqəsi”ndə isə iştirakçılar artıq Müslüm Maqomayv adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının qardirobundan əldə edilmiş milli geyimlərdə çıxış edirdilər ki, bu da müsabiqənin daha rəngarəng olmasına imkan yaradırdı.
2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşkilaçılığı ilə “Beynəlxalq Muğam Simpoziumu” keçirilmiş və bu simpoziuma dünyanın bir çox ölkələrindən muğam ifaçıları və muğam biliciləri də qatılmışlar.
III “Telemuğam müsabiəsi” isə hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamı və dəstəyi ilə Bakının Milli parkının ərazisində-Bəhramgurun heykəli və Bakı Funikulyoru ilə üzbəüz inşa edilən möhtəşəm “Beynəlxalq Muğam Mərkəzi”nin tikilərək 2011-ci ildə istifadəyə verilməsindən sonra elə həmin il orada gerçəkləşmişdir.
Onu da xüsusiylə qeyd etmək zəruridir ki, Azərbaycan muğamının yeni bir mərhələyə qədəm qoyaraq inkişaf etdirilməsində, onun dünya çapındakı təbliğində, “YUNESCO”nun “Qeyri maddi irsin qorunulması siyahı”sına daxil edilməsində Mehriban xanım Əliyevanın müstəsna rolu vardır…
Beləliklə, Nadir müəllimin rəhbərliyi, gərgin və səmərəli əməyi sayəsində “Televiziya Muğam Müsabiqəsi” IV 2013-cü lldə, V 2015-ci ildə, VI isə 2017-ci reallaşdırılmışdır.
III “Telemuğam müsabiqəsi”ndən başlayaraq, Heydər Əliyev Fondunun təşkilatçılığı və maddi dəstəyilə iştirakçıların hər biri üçün artıq fərdi milli geyim hazırlanır və istər müsabiqə iştirakçıları, istərsə onları müşayət edən musiqiçilər, istərsə də müsabqənin teleaparıcıları səhnəyə milli geyimlərdə çıxırdılar ki, bu da səhnəyə xüsusi çalar verir,  izləyicilərdə müsbət emosiya yaradırdı.
“Telemuğam müsabiqəsi”nin Beynəlxalq Muğam Mərkəzində hər həftənin II və IV günlərində canlı yayımı Nadir Axundovun xüsusi təşəbbüsü ilə gənc ifaçıların maarifləndirilməsi məqsədiylə hər dəfə bir mərhum korifey sənətkarımızın-xanəndəmizin monitorda yayımlanan ifası ilə başlayar, ifa bitdikdən sonra isə münsiflər tərəfindən öz sələfləri barədə xoş sözlər səsləndirilər, onların ruhlarına rəhmətlər oxunardı.
“Telemuğam müsabiqəsi” həm də səyyar yayımlanma ilə də efirə gedirdi.
Belə ki, “Telemuğam müsabiqəsi”nin sədası Sumqayıtda, Abşeronda, Mərdəkanda, Ağcabədidə və Fizulidə fəaliyyət göstərən konsert solonlarından da səyyar olaraq dünyaya yayımlanırdı.
Həftənin II və IV günləri gerçəkləşən müsabiqə günləri zamanı hər dəfə ilkin olaraq 10 iştirakçı iştirak edir və nəticə etibarı ilə finala 5-7 iştirakçı vəsiqə ala bilirdi.
İştirakçılara Heydər Əliyev Fondu tərəfindən diplomlar, qaliblərə isə müxtəlif hədiyyələr və pul mükafatları verilirdi.
Xatırladım ki, “Telemuğam müsabiqəsi”nin iştirakçılarını II və III müsabiqə boyu hazırda Azərbaycan Respublikasının xalq artisi-tarzən Elçin Həşimovun və Azərbaycan Respublikasının əməkdar artisti-kaman ustası Elnur Əhmədovun, IV-V-VI mesabiqə zamanı isə Azərbaycan Respublikasının əməkdar artistləri-tarzən Sahib Paşazadənin və kaman ustası Toğrul Əsədullayevin rəhbərlik etdikləri kiçik musiqi kollektivləi müşayət etmişlər.
Deyirlər musiqinin dili insan dilidir-yəni ifa zamanı sözlər müxtəlif dillərdə olsa da, musiqinin tamaşaçı ilə vəhdəti zamanı sözlərin anlamı öz mahiyyətini itirərək söz musiqi ilə birgə insanın ruhuna hopur.
Bu baxımdan Azərbaycan muğamını Avropa və Qərb insanı dinləyəndə də, musiqinin ahəngindən aldıqıarı zövq heç də bizlərin aldığıımız zövdən az olmur…
Nadir Axundov yaradıcı insan olaraq, istər AzTvdə istərsə də Space Tvdə fəaliyyət göstərdiyi zaman müxtəlif telelayihələrin ekran həyatı yaşamasına da rəvac vermişdir.
Bunlardan, Azərbaycan televiziyası vasitəsiylə həyata vəsiqə alan telelayihələrdən “Azərbaycan-yurdum mənim”, ilk aparıcısı mərhum  şair Hacı Mail olmuş və ilk nömrəsi şairin evində çəkilən “Məclisi üns”, aparıcısı Azərbaycan Respublikasının xalq artisti-bəstəkar mərhum Tofik Quliyev olmuş-“İzbrannıye stranitsı Sovetskoy muziki” (“Sovet musiqisinin seçilmiş səhifələri”), “Xəqani 27-Bəstəkarlar ittifaqında nələr baş verir”, aparıcısı Azərbaycan Respublikasının xalq artisti-bəstəkar mərhum Azər Rzayev olmuş-“Musiqi aləmində”, aparıcısı musiqişünas-professor mərhum Ramiz Zöhrabov olmuş-“Azərbaycan xalq musiqisi”, aparıcısı musiqişünas Firuddin Şuşinski olmuş-“İfaçılıq sənəti”, aparıcısı Sabir Əliyev olmuş-“Xalq yaradıcılığı” kimi layihələri, Space Tvdə isə  həftədə bir dəfə gedən “Görüş yeri” və hər şənbə və bazar günləri incəsənətə aid canlı proqramları göstərmək olar.
2001-ci ildə Nadir Axundovun təşəbbüsü və rejissorlu ilə Nadir müəllimin həyat yoldaşı, Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, virtiuz pianoçu Yeganə xanım Axundovanın əsəri olan “Miparti” musiqi nömrəsinə çəkilmiş klip “Humay mükafatı”na layiq görülmüşdür…
Nadir Axundovun ata babası Əhməd kişi din xadimi, ata nənəsi Rübabə xanım isə Məmməd Əmin Rəsulzadənin bacısı qızı olmaqla, İçərişəhərdə yaşamışlar.
Onun atası Adil Axundov istilik enerjisi mühəndisi, anası Surət xanım isə evdar qadın olmuşdur.
Nadir Adil oğlu Axundov 1948-ci ilin noyabr ayının 30-da Bakının köhnə məhəllələrimdən olan Mustafa Sübhi küçəsində dünyaya göz açmışdır.
Ailədə-şəcərədə bir nəfər də olsun belə musiqiçi, mədəniyyət və incəsənət adamı olmamasına baxmayaq kiçik Nadir musiqiyə çox meyilli olmuş, radio dalğalarında səslənən müxtəlif janrlı musiqi nömrələrini dinləməkdən zövq almışdır.
Elə bunun nəticə olaraq o, Orta İxtisas Musiqi Məktəbinə (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) üz tutmuş və 1967-ci ildə həmin məktəbin Qaboy ifaçısı üzrə sinifini müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuşdur.
Elə tələbəlik illərindən əmək fəaliyyətinə başlayan gənc Nadir, ilk olaraq 1968-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrının (indiki Musiqili Teatr) orkstrində qaboyçu olaraq işə başlamış və 1971-ci ilə qədər bu kollektivdə çalışmışdır.
O, eyni zamanda, 1971-1972-ci illərdə Azərbaycan Televiziyasının Simfonik orkestrində fəaliyyət göstərmiş və həmçinin  “Dan ulduzu” İnstrumental ansanblının yaradıcısı və bədii rəhbəri, unudulmaz pianoçu-mərhum Dilara xanım Əliyevanın dəvəti ilə 1968-1979-cu illərdə bu kollektivin solisti olmuşdur (1972-1973-cü illərdə Bakıda hərbi xidmətdə olduğu dövr istisna olmaqla).
Nadir Axundov həm də 1974-ci ildən Azərbaycan Televiziyasında çalışmağa başlamış, əvvəlcə “Musiqi redaksiyası”nda tərtibçi, sonradan redaktor, 1984-1990-cı illərdə isə baş redaktor vəzifəsində çalışmaqla, bu redaksiyaya yeni bir əhval gətirmiş və redaksiyanın işini əsaslı şəkildə canlandırmağa müvəffəq olmuşdur.
O, 1990-1992-ci illərdə Müslüm Maqomoyev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş redaktor, 1992-1994-cü illərdə isə SSRİ Xalq artisti-Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin rəhbərliyi altında fəaliyyət göstərən “Musiqi Xadimləri Cəmiyyəti”ndə böyük məsləhətçi vəzifələrində çalışmışdır.
Müəyyən səbəblərdən bir müddət mədəniyyət və incəsənət sahəsindən uzaqlaşan Nadir Axundov 2001-ci ildə Space Telekanalının dəvəti ilə o bu kanalın Musiqi redaksiyasına 2005-ci ilədək rəhbərlik etmişdir.
2006-ci ildə AzTv-nin rəhbərliyi tərəfindən doğma televiziyamıza dəvət alan Nadir Axundov, əvvəlcə Musiqi redaksiyasında baş redaktor, 2011-2018-ci illər ərzində isə “Mədəniyyət kanalı”nın direktor müavini vəzifəsində çalışmışdır.
Nadir Axundov yüksək intellektə malik kübar Azərbaycan ziyalısı, şəxsiyyəti ilə əməli düz mütənasib olan bir insan, sədaqətli dost, nümunəvi ailə başçısı və ata, elə adından da göründüyü kimi nadir adamdır.
O, ailəlidir, iki oğlu, üç nəvəsi vardır.
Nadir müəllimə dəyərli həyat yoldaşı Yeganə xanımla birlikdə nəticə və kötüycə də görmələrini arzu edirəm.
30 noyabr 2023-cü il tarixdə Nadir Axundovun 75 yaşı tamam olacaqdır inşallah.
Mən Nadir müəllimə bollu-bərəkətli, sağlam və xoşbəxt ömür, Uca Tanrımızın ona ayırdığı ömür kəsiyində ailəsi, uşaqları, nəvələri, yaxınları və dostları qarşısında həmişə dik, təpərli və ayaqdaduran olmasını arzu edirəm.
Hamısıah könlünüzcə versin əziz dost.
Amin!
Qarşıdan gələn yubileyiniz mübarək!
Kim ad seçib görəsən, göz açıb-doğulanda,
İnsan məğrur, mərd olur, təriylə yoğrulanda.
Tez tanındı həyatda, boy atıb doğrulanda-
üz ağartdı əməli, nə etdi, doğru sandı,
Nadir-nadir adamdı.
Dilləndirdi “Qaboy”u, Azərbaycan dilində,
Elə çaldı, hər nota, vurdu şəxsi gülün də.
Əcnəbilər təlaşda, heyrəti gözlərində-
ifaçılar dəyişmiş-zaman həmən zamandı,
Nadir-nadir adamdı.
Orkestrdə “Qaboy”un səsi ayrı seçildi,
      “Dan ulduzu” elə bil, lap boyuna biçildi.
Adı məşhur olunca, təvazödən “kiçildi”-
həmkarları yanında, rəğbəti tez qazandı,
Nadir-nadir adamdı.
AzTvdə çalışdı, tərtib etdi proqram,
“Mavi ekran” dəyişdi köynəyin aram-aram.
Hər gün yeni layihə, yeni üzlər, bax varam-
hansı işə başlasa, yeni səhifə yazandı,
Nadir-nadir adamdı.
“Məclisi üns”, bu da ki, “Musiqi aləmində”,
“İfaçılıq sənəti” ruhunda-öz dəmində.
“Xalq yaradıcılığı” açdı, çiçəyi çəmənində-
yad gözlə baxanlara, elə gəldi asandı,
Nadir-nadir adamdı.
“Azərstar”, sonra da, “Muğam”ın xoş ovqatı,
“Segah”, “Çahargah” bu da, zərb muğamı-“Heyratı”
Neçə gənc qız və oğlan, aldı qalib baratı-
münsüflərin başında, ədalətlə dayandı,
Nadir-nadir adamdı.
Neçə ellər dolaşdı, istedad seçimində,
Səsi muğama yatsın-düşündü biçimində.
Hər ifaçı səhnədə-öz milli kecimində-
müsabiqə zamanı, gec yatdı, tez oyandı,
Nadir-nadir adamdı.
Dayağıdır evdə də, pianoçu yoldaşı,
Ruhdan düşməyə qoymaz, vəfalı silahdaşı.
Yeganə xanım onun, həm dostu, həm sirdaşı-
iki övlad, üç nəvə, hər anında hayandı,
Nadir-nadir adamdı.
Fəxrəddin Meydanlı da, çəkdi rəsmin söz ilə,
İncə sənət adamı, yetmiş beşi, yüz elə.
Bol-bəhrəli həyat sür, süz dünyanı göz ilə-
yaşamağa dəyər də, cahan gözəl cahandı,
Nadir-nadir adamdı.
          02.10.2023-Bakı