Bir neçə gün əvvəl canlı efirdə yad kişilərlə yazışdığını etiraf edən 3 oğul anasının sözləri cəmiyyətdə geniş müzakirələrə səbəb oldu.
Belə ki, həyat yoldaşı olmasına baxmayaraq, yad kişilərlə telefonla danışdığını açıqlayan hicablı qadın hər kəsi təəccübləndirdi. O, bu etirafından sonra studiyadakıların qəzəbinə tuş gəldi, daha sonra sosial şəbəkələrdə günlərlə qınaq atəşinə tutuldu.
“Azərbaycan Reallığı” xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bu tip xoşagəlməz hadisələrdə əsas günahın cəmiyyətdə olduğunu bildirib:
“O xanımda da günah var, amma əsas problem cəmiyyətdədir. Bizim cəmiyyət boşanan qadını hələ də daş-qalaq edir. Tez-tez deyirik ki, avropalaşaq, Avropaya inteqrasiya edək, amma hələ də boşanan qadınının üstünə şər atmaq istəyirik, ona pis baxırıq, alçaltmağa çalışırıq.
Boşanmaq istəyən qadın düşünür ki, mən indi təkcə həyat yoldaşıma dözürəm, lakin boşansam, atam, anam, bacım, əmim oğlu, dayım oğlu, qonşum, bir sözlə, ətrafdakı hər kəs mənə “ərlik” edəcək. Buna görə də yazıq boşanmır və xəyanət edir. Görün, iş nə yerə çatıb ki, o boşanmadan xəyanət etməyi seçir.
Mənə görə, xəyanət edən insan özünə, öz mənəviyyatına xəyanət edir, hər hansı kişiyə yox. Xəyanət insanın özünə aid bir şeydir.
Efirə gələn qadın da etiraz edir ki, mən o kişi ilə yaşamaq istəmirəm, mənə kobud davranır və s. Lap yaxşı, yaşamaq istəmirsənsə, bunu dilə gətirirsənsə, o zaman ayrıl, uşaqlarını da götür get. Ondan sonra necə həyat istəsən yaşaya bilərsən, heç kəs buna qarışa bilməz. Heç dövlət də buna müdaxilə edə bilməz”.
Ekspert efirdə qınanan ananın bu addımının psixoloji səbəblərini də açıqlayıb. O, bunu sevgisiz böyüməklə əlaqəli olduğunu bildirib:
“Efirə gələn qadın əslində sevgiyə ehtiyac duyub. Ona görə, hər zaman valideynlərə səslənirəm ki, kiçik yaşlardan uşağınızı sevin, onu qoruyun.
Övladınıza qarşı olan sevginizi hiss etdirməyə çalışın. Bəzən ata səhərdən axşama qədər gedib işləyir ki, qızı oxusun, o oxuyur, amma sevgi cəhətdən boşluq yaşayır. Valideyn çalışmalıdır ki, o boşluğu doldursun. Bunu uşağın başına sığal çəkib alnından öpməklə də etmək olar, bu zaman o qıza nə qədər güvən verdiyinizin fərqində olmalısınız.
Vaxtında ata-ana tərəfindən verilməmiş sevginin, diqqətin, qayğının yaratdığı bir boşluq olur, bu gün 3 uşaq anasının gördüyü iş həmin boşluğun günahıdır. Qadın həqiqətən o sevgiyə ehtiyac duyub, özü də bunu etiraf edir”.
G.Orucova canlı efirdə həmin qadının ekspertlər tərəfindən bu qədər sərt şəkildə qınanılmasını doğru hesab etməyib:
“İnsan heç vaxt bilərəkdən səhv etmir. O səhv etdiyini sonradan anlayır. O qadın da efirə çıxandan, efirdə ekspert olan psixoloqun, vəkilin, aparıcının ona hücumundan, psixoloji şiddətindən sonra səhv etdiyini başa düşür.
Biz bütün gün şiddətdən danışır, onu pisləyirik, lakin hazırda efirdə ekspertlər ora gələnlərə psixoloji təzyiq göstərir. Gələnə səhvini deyə bilərsən, amma bu tərzdə fikrini demək düzgün deyil”.