Orta və yuxarı yaşlı nəslin nümayəndələri bəlkə də eşitmiş olarlar – sovet dönəmində Azərbaycanda biri sakitcə vəzifədən gedəndə yerinə gələn ondan halallıq istəyər, alacağı alqış, xeyir-dua qarşılığında pul və ya başqa maddi nemət, hədiyyə, yaxud, sələfinin hansısa yaxın adamı üçün kiçik vəzifə təklif edərmiş. Deyilənə görə, bu ənənəni pozan təzə kadr qınağa tuş gələr, “keyfiyyətli adam” sayılmazmış. “Halallıq” məsələsinin unudulması tərəflər arasında umu-küsüyə, hətta bəzən düşmənçiliyə səbəb olarmış. İndiki hökumətin bürokratiya nərdivanında belə keyfiyyətsiz pillələr çoxdur. Bu barədə bir az sonra…
Saytımızın oxucuları ilə əvvəlki görüşlərimizdə xəbər verdiyimiz kimi, bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunan Ceyhun Hüseynovun təkcə təbii sərvətlərimizin talan olunmasına göz yummaqla deyil, zibildən də pul çıxarmaqla məşğuldur. Bildirilir ki, Lənkəran şəhərindəki pioliqona zibil daşıyan yerli icra nümayəndəliklərinin, bələdiyyələrin sədrləri Ceyhun Hüseynov tərəfindən “tasa oturdulub”. Həmin zibillər yandırılır ki, bunun da nəticəsində yayılan zəhərli tüstü ətraf mühitə, yaxınlıqda yaşayan sakinlərin səhhətinə ciddi ziyan vurur.
Bu barədə məlumatı redaksiyamıza çox etibarlı mənbə – sözügedən idarənin sabiq rəisi Şakir Quliyev verib. Hazırda 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri vəzifəsində işləyən Şakir Quliyev hətta zibil poliqonunun foto-video görüntülərini qeydə almaq üçün əməkdaşımızın Lənkərana ezamiyyət xərcini də boynuna götürmüşdü. Amma təbii ki, onun pulunu qəbul edən deyildik. Həmçinin, xatırladırıq ki, sifarişlə işləmədiyimizdən, mühasibatlığımızda belə əməliyyatların rəsmiləşdirilməsinin qanuni mexanizmi yoxdur. Belə başa düşmək olur ki, Ceyhun Hüseynov bəlkə də dəfələrlə məsləhət aldığı sələfi Şakir Quliyevin halallığını verməyib. Bəlkə də Şakir Quliyev ona kimdənsə, nədənsə ötrü, yarımçıq qalmış hansısa işinə görə ağız açıb, sözü yerə düşüb – ona görə də acıqlıdır.
İbrahim Hümbətov
Azerinfo.info
Mənbə