Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

 
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir.   Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində   bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi bu gün Ağdanda böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başısının 2021-ci mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib.
2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və noyabrın 4-də səfər edib. Bu səfərlər zamanı fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev   Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub.
Noyabrın 4-də isə Prezident İlham Əliyev Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimində, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin,   Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin,  Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının,  daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub.
Bu il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır.
Bu il isə Ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd edəcəklər. Bu əlamətdar gün münasibəti ilə bütün Ağdamlıları təbrik edirəm.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
 
 
 
 
 
 
 
 



Mənbə