Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmirlər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Sürücülər bildirir ki, onlar 2 həftə ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar, lakin artıq bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar, çünki Ermənistan tərəfinin sərhəd xidməti normal işləmir.
Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Avtomobillərin sürücüləri bilmirlər ki, Ermənistan tərəfdəki keçid məntəqəsinin açılmasını və həmin ölkəyə daxil olmaq imkanını nə qədər gözləməli olacaqlar.