“Bu gün dünya azərbaycanlıları böyük iftixar hissi ilə 8 Noyabr – Zəfər Gününü qeyd edir. Artıq Azərbaycan dövlətinin ərazi bütövlüyü tam təmin edilib”. Bu sözləri Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
Səadət Məhərrəmova deyib ki, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyət nəticəsində bu gün müstəqil Azərbaycan bütün azərbaycanlılar üçün güc mənbəyi olub: “Güclü dövlətin vətəndaşı olaraq Ali Baş Komandanla fəxr edirik. Azərbaycan dövləti tərəfindən aparılan düzgün siyasətinin effektiv nəticəsi olaraq dünya azərbaycanlıları Vətənimiz naminə səfərbər edilib, eyni zamanda milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olunub. Biz 44 günlük Vətən müharibəsi günlərində bu birliyin əyani şahid olduq”.
Səadət Məhərrəmova bildirib ki, Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşıb. Artıq Azərbaycan xalqı qalib xalq kimi yaşayır. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Xalqımız qəhrəman əsgər və zabitləri ilə fəxr edir. Bu bayram günündə Şəhidlərimizin ruhu şaddır. Çünki onların qanı yerdə qalmadı. Dövlət tərəfindən qazi və şəhid ailələrinə lazımi köməklik göstərilməkdədir. Şəhidlərin əmanətini qorumaq hər birmizin borcudur. Fürsətdən istifadə edib 8 Noyabr – Zəfər Gününün 3-cü ildönümü münasibətilə dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirəm. Zəfərin mübarək, Azərbaycan!”.