Rəşid Behbudovun Təbrizdə konsert verdiyi məşhur bağ

5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.

Kult.az xəbər verir ki, 1929-cu ilə kimi şəhərin “Gəcil” qəbiristanlığı kimi tanınan bölgə Təbrizin o vaxtkı ziyalı və mütərəqqi bələdiyyə başçısı Məhəmmədəli Tərbiyətin təşəbbüsü ilə parka çevrilib.

Bir sıra tarixi qaynaqlarda hazırkı Gülüstan bağının ərəblərin Azərbaycanı işğalından sonra Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə Xatunun Təbrizə səfəri zamanı salındığı yazılıb. 20-ci əsrin əvvəllərində yenidən park kimi istifadəyə verilən Gülüstan bağı bir çox siyasi və ictimai hadisələrin şahidi olub.
Burada Azərbaycan və Təbrizin siyasi, ictimai və mədəni həyatında əhəmiyyətli rol oynayan yığıncaqlar, mitinqlər keçirilib.

1961-ci ildə İranda qastrol səfərində olan Rəşid Behbudovun Gülüstan bağındakı konserti yaşlı təbrizlilərin yadında qalan ən əhəmiyyətli mədəni hadisələrdən biridir.

Bununla yanaşı, Gülüstan bağı azərbaycanlılar üçün bir neçə ağrılı-acılı hadisənin də şahidi olub.

1946-cı il dekabrın 12-də Cənubi Azərbaycan Milli Hökuməti devrildikdən sonra Təbrizdən çıxmağı qəbul etməyən milli hökumətin baş prokuroru Fridun İbrahimi 22 may 1947-ci ildə Gülüstan bağında dar ağacından asılaraq edam edilib.

Gülüstan bağı indi əvvəlki qədər təravətli və ürəkaçan olmasa da, yenə də təbrizlilərin, xüsusilə bağın tarixini bilən yaşlı nəslin ən sevimli, xatirələrlə zəngin istirahət yerlərindən öndə gələni sayılır.

Gülüstan bağı Təbrizin simvollarından birinə çevrildiyi üçün onun barəsində şeirlər yazılıb, mahnılar oxunub.
Xüsusən 1946-cı ildən sonra Güney Azərbaycandan çıxmağa məcbur olan bir çox sənətçilər, şair və yazıçılar əsərlərində daima Gülüstan bağı haqqında yazıblar.

Güney Azərbaycandan Bakıya mühacirət etməyə məcbur olan şairə Mədinə Gülgün məşhur “Təbrizim” şeirində də Gülüstan bağı barəsində yazıb:

Gülüstan bağının seyrinə gəlim,

Lalə yamacında bir də dincəlim.

Ötən günlərimə yetişməz əlim,

Düşüm heç olmasa izinə Təbriz.



Mənbə