Şimal-Qərbi Avropada “Kiaran” qasırğası nəticəsində 10 nəfər ölüb.
Son məlumatlara görə, leysanın daşqınlara səbəb olduğu İtaliyanın Toskana vilayətində üç nəfər fəlakətin qurbanı olub.
Fransada iki nəfər ölüb. Onlardan biri 70 yaşlı kişi, digəri isə maşının üstünə ağac aşan sürücüdür. 15 nəfərin isə yaralı olduğu bildirilir.
Belçikada fırtına beş yaşlı uşaq da daxil olmaqla iki nəfərin ölümünə səbəb olub. İspaniyanın paytaxtında bir qadın ölüb, üç nəfər yaralanıb.
Qasırğa nəticəsində Niderland və Almaniyada ölənlərin olduğu bildirilir. Niderlandın Limburq əyalətində bir nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Almaniyada Bavariyadan olan 46 yaşlı qadın ailəsi ilə birlikdə Harz dağ silsiləsində gəzərkən üstlərinə ağac aşması nəticəsində həlak olub.
“Kiaran” qasırğası Avropaya güclü yağış və küləklər gətirib. Bəzi ərazilərdə küləyin maksimal sürəti 200 km/saata çatıb. Yaşayış binalarına ziyan dəyib, nəqliyyatın hərəkəti dayandırılıb, ağacların aşması səbəbindən yollar bağlanıb.
Fransada beş departament yüksək xəbərdarlıq səviyyəsində qalmağa davam edir, onlarda regional qatarların hərəkəti məhdudlaşdırılıb. Fransa və Böyük Britaniya arasında bərə xidmətləri də məhdudiyyətlərlə işləyir və “Eurostar” qatarlarının hərəkəti ləğv edilib və ləngiyib. Britaniyanın La-Manş boğazında yerləşən Cersi adasında hava limanı bağlanıb.
İspaniyanın meteoroloji xidmətləri doqquz metrə çatan dalğalar səbəbindən sahilyanı ərazilərdə təhlükənin artdığını elan edib. Yerli hava limanlarında onlarla reys təxirə salınıb.
Mənbə: interfax.ru