Ermənilər Qarabağa qayıda bilər? – Şahramanyan

Növbəti addımımız aşağıdakılardan ibarət olmalıdır: biz Qarabağdan çıxan sakinlərin qayıdışı ilə bağlı məsələləri həll etməliyik.

Bu sözləri Qarabağdakı keçmiş qondarma qurumun keçmiş “prezidenti” Samvel Şahramanyan deyib.

“Bu, bizim gündəliyimizdəki məsələlərdən biridir və biz müzakirələrə başlamalıyıq, bu problemin həlli yollarını axtarmalıyıq”, – Şahramanyan bildirib.

Şahramanyan “hansı statusla qayıtmaqdan söhbət gedir” sualına bu cür cavab verib:

“Bu, müzakirə, danışıqlar məsələsidir. Əhalinin qayıtmasında müxtəlif siyasi mərkəzlər maraqlıdır – avropalı, amerikalı, rus. Mənə elə gəlir ki, Azərbaycan da bunda maraqlıdır. Çünki beynəlxalq ictimaiyyətdən onların əhalimizin məcburi köçkünlüyünə töhfə verməsi ilə bağlı ittihamlar var”.

Özünün geri qayıdıb-qayıtmayacağı ilə bağlı isə Şahramanyan bildirib:

“Mənim Qarabağın statusunun necə olması barədə öz fikirlərim var ki, həm mən, həm də ailəm qayıda bilsin. Qayıtmağım barədə danışmaq hələ tezdir, çünki qarşıda bizi çox iş gözləyir. Əgər yaxın gələcəkdə belə bir format yarada və məsələni müzakirə mərhələsinə çıxara bilsək, təbii ki, bu barədə ictimaiyyətimizlə danışacağıq. Hazırda belə bir proses yoxdur. Bununla belə, mən bu prosesə yaxın gələcəkdə başlamaq üçün ilkin şərtlər görürəm”.

S.Şahramanyan eyni zamanda Qarabağ ermənilərinə çağırış edərək, onları Ermənistanda yaşayıb-yaratmağa çağırıb: “Ermənistanın bizim Vətənimiz olduğunu unutmayın”.



Mənbə