Banklardan sonra NÖVBƏ ONLARINDIR… – Ekspert danışır…

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,3 milyon manat xalis zərərlə başa vurub.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6 dəfə çoxdur. Yanvar-sentyabr aylarında kredit ittifaqlarının gəlirləri 1,7 milyon manat (illik müqayisədə 5,6 % az), xərcləri 1 milyon manat (11,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (10,5 % çox) təşkil edib. Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % azdır.

Bunun 11,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,3 % kiçilib. Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20 % azalaraq 3,6 milyon manata düşüb, balans kapitalı isə 3,1 % artaraq 10,1 milyon manata çatıb.

Bu isə banklardan sonra BOKT-ların da bağlanma ehtimalını gündəmə gətirib.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı Cebhe.info-ya bildirib ki, qarşıdakı illərdə zərərin miqdarı daha da arta bilər:

“Kreditləşmədəki problemlərdə bank olmayan kredit təşkilatların xüsusi çəkisi və vəsaitinin az olması da göstərilir. Bu da onların fəaliyyətini qeyri- səmərəli edir. Düzdür, hazırda lisenziyalı 35-40 –a yaxın kredit təşkilatı fəaliyyət göstərir. Eyni zamanda, son bir neçə ildə bir nəçə kredit təşkilatının lisenziyası ləğv edilib”.

Həmsöhbətimizin fikrincə, kredit bazarında elə bir oyunçular var ki, səmərəli fəaliyyətin qurulması əslində çox çətindir:

“Hesab edirəm ki, qarşıdakı müddətdə Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) sayının azalması ehtimalı çox böyükdür”.



Mənbə