“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib.
Xalqxeber.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş “Katya” ləqəbli Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, Ekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georqiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək “şər qüvvələr”dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib.
Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu Fəridin vasitəsi ilə ekstrasens Ekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda Fəridin həyat yoldaşı Bilqeyis də Cəlalın xanımı Anastasiya Georqiyevnanı ekstrasenslə tanış edib.
“Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb.
Həmin vaxt Ekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib.
Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq “20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam” deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Ekaterinanın mənzilində ona verib.
Bundan sonra o, yanvar ayını gözləyib, lakin Ekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Ekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da “Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Ekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib.
Cəlal və həyat yoldaşı, onların ailə dostu Fərid və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər.
Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Ekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır. O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb.