Gənc nəsil arasında narkotiklərdən istifadə əsasən ölümlə nəticələnir
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,İctimai xadim ,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında,Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasında qrup üzvü Müqamət Süleyman oğlu Əliyev (Muğan )
Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Narkotiklərdən istifadə və narkomanlığın tarixi çox qədimdir.
Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlmək mümkündür. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının kəsicisi kimi qəbul olunmuş, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi, müasir dövrümüzdə də aktualdır. İnsan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, yaranan narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi, qədim zamanlarda da ən xoşagəlməz, ən çirkin və ikrahedici vərdişə çevrilmişdir.
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. İyirminci yüzilliyin sonunda isə narkomaniya fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran ümumbəşəri bəlaya çevrilmişdir. Onun qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitə olmuşdur.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.
Təbii ki, hər bir dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin bütün dünyada mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Narkomaniya ildən-ilə cavanlaşır. Hətta 13-14 yaşa belə keçib, 20-25 yaşlılar arasında kütləviləşmə daha çoxdur. Səbəb isə ailədə, cəmiyyətdə uşaqların tərbiyəsinin düzgün verilməməsidir. Gənc nəsil arasında narkotiklərdən istifadə əsasən ölümlə nəticələnir. Bu isə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən faciədir.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
İstisna deyil ki, Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur. O da məlumdur ki, inkişaf yolunda inamla irəliləyən ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər nəzərəçarpacaq dərəcədədir.
Ümummilli lider Heydər Əliyev tərəfındən problemin ilk dəfə dövlət səviyyəsinə qaldırılması, milli Proqramların qəbul edilməsi, BMT-nin bu sahədə qəbul etdiyi Konvensiyalara qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya birliyinə inteqrasiya proseslərində regional və beynəlxalq layihələrdə iştirak Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir. Dövlətlərinin narkomanlıq və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə əsaslandığı üç (1961, 1971, 1988) Konvensiyanın dünya, habelə ölkə
reallıqlarını nəzərə almaqla yeni bir vahid sənəddə cəmlənməsinə, BMT-nin Ümumi Konvensiyasının qəbul olunması və işlənib hazırlanmasına Azərbaycan tərəfindən edilən təşəbbüs BMT-nin bu sahədə fəaliyyət göstərən strukturlarının rəhbərlərinə rəsmən bildirilmişdir. Bu kimi Konvensiyanın qəbulu istər gənc nəslin, istərsə də cəmiyyətdəki neqativ proseslərin qarşısının alınmasında yeni yanaşmanın təkmilləşmiş strategiyasının, dövlət və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin birgə koordinasiyasını zəruri edir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrasına dövlət qurumları ilə yanaşı geniş vətəndaş cəmiyyəti, o cümlədən Gənc Vətənpərvərlər İctimai Birliyi da Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair QHT Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə uğurla layihələr icra edir.
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) narkomanlıq və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə, habelə ümumbəşəri problemlərə qarşı əldə olunmuş müsbət nəticələrdə öz töhvəsi və yeri var. GVİB-n İdarə Heyətində Dövlət Proqramından irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Tədbirlər Planı qəbul edilib. Bu sənədin başlıca məqsədi ölkədə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün araşdırmaların aparılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasına yardım edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərdir. Burada ümumtəhsil müəssisələrdə təhsil alan gənclər arasında problemə dair qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi yer alıb.
Bu sənədə əsasən, yerlərdə, GVİB –n Yerli şöbələri və Dayaq mərkəzləri tərəfindən səlahiyyətləri çərçivəsində könüllü tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, söhbətlər, seminarlar) diqqət artırılır, gənclərin ictimai həyata cəlb edilməsi işləri davam etdirilir.İctimai yerlərdə ,fəaliyyətə olan QHT və Gənclər təşkilatlarında narkomaniya ilə mübarizədə GVİB könüllü ekspertləri , etimadlı həkimlər müxtəlif komissiya fəalları iştirak edirlər. Birliyin künüllü fəaları tərəfindən müvafiq tədqiqatlar aparılır, məlumatlar toplanılır, buklet, yaddaş kitabçaları, analitik materiallar hazırlanır və yayılır. Müraciət edən hər kəsə izahatlar verilir və narkotikdən əziyyət cəkənlərə mənəvi yardımlar göstərilir.
GVİB Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində təşkilatın fəaliyyəti və tədbirlər planı haqqında, gənclər siyasəti, uşaq əməyi, insan alveri və qeyri-formal miqrasiya məsələlərinə dair qərarlar qəbul etmiş, məktəbdən işə keçmə mövzusunda könüllü sosioloji sorğu keçirmişdir.
Hər il görülən işlər barədə məlumatlar GVİB-n yerli şöbələr tərəfindən İdarə Heyətinə təqdim edilir və təhlil olunur.
Azərbaycan əhalisi nisbətən gəncdir, belə ki, əhalinin 22.3%-i 15 yaşından aşağı, 18.3%-i isə 15-24 yaş arasındadır. Odur ki, təhsil müəssisələrində narkomaniya,siqaret və pis vərdişlərə qarşı ölkənin gələcək inkişafı üçün prioritet sahələrindən olmalıdır.
GVİB mütəmadi olaraq narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə müvafiq QHT Forumuna ,Gənclər Fonduna,Gənclər və İdman Nazirliyinə ,QHT Dövlət Agentliyinə və digər əlaqədar təşkilatlara məlumatlar təqdim edir. Gənc Vətənpərvərlər İctimai Birliyinin antinarkotik təbliğatın gücləndirilməsində rolunu əks etdirən materiallar sosial şəbəkələrdə və digər informasiya vasitələrində işıqlandırılır.
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri ,İctimai xadim Müqmət Əliyev (Muğan)