Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Nazir Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib.
Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.
Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.