Əxi Pərviz, Vilayət və Zaur qardaşları, Vüqar, “əmlakçı” Usubov dəstəsi Qəbələdən Bakıya nə daşıyır..?
Son 30 ildə Azərbaycanda ən gəlirli biznes sahələrindən biri, bəlkə də birincisi qara və əlvan metal biznesi olub. Gözünüzün qabağına dağılmış SSRİ-dən qalan zavodları, fabrikləri, kolxozları, sovxozları və oradakı milyon tonlarla qara və əlvan metalları gətirin. Biz hələ dəmir yolu və tramvay xətlərinin yüksək keyfiyyətli relslərini demirik.
Təsəvvür edirsiniz, 1 manat xərcləmədən bu boyda mülkiyyəti sök və baha qiymətə xarici ölkələrə sat. Bilənlər bilir ki, OMON-la zamanında metal biznesi ilə məşğul olanların az qala silahlı qarşıdurması olub. Bu sahə ilə o zaman, yəni 1990-cı illərdə ən çox QUSKA ləqəbli sabiq deputat Hüseyn Abdullayev məşğul olurdu.
Onu da yada salaq ki, sonradan Prezident Aparatında yüksək vəzifə tutan Əli Həsənov o zamanlar QUSKA-nın tərəzi çəkəni idi. Bunu dəfələrlə Hüseyn Abdullayev açıq şəkildə deyib. Daha sonra bu biznesin böyük gəlirini görən, o zamankı spiker Rəsul Quliyev və sabiq Dəmir Yolu İdarəsinin rəisi, sonradan nəqliyyat naziri olan Ziya Məmmədov bu sahəyə əl qoydular, dəmir yolu relslərini sökərək xaricə satdılar. Hətta buna görə, Ziya Məmmədovun həbs olunması üçün Naxçıvan prokuroru sanksiya vermişdi. Ziya Məmmədov bir həftə Ramiz Mehdiyevin bağ evinin qapısında yatandan sonra canını qurtara bildi, amma bu sahəyə Ramiz Mediyevi şərik elədilər. Bəli, o zamandan Ramiz Mehdiyev bu sahəyə əl qoydu, hətta ailə dostu, hazırda həbsdə olan Rasim Məmmədov “Baku Steel Company” şirkətini ələ keçirdi.
Sözümüzün canı odur ki, Azərbaycanda metal biznesi ən gəlirli və eyni zamanda ən cinayətkar sahədir. Təsəvvür edirsiniz, bir çox nazirlik və komitələr bu biznesin cinayətinə bulaşıb. Təkcə bir faktı qeyd edək. XAMMAL olan metalı MƏHSUL adı ilə ölkədən çıxaranda ayrı-ayrı şəxslər milyonlar qazanır, dövlətin büdcəsi ilə milyonlar itirir. Bu işi isə ancaq Dövlət Gömrük Komitəsi həyata keçirir. Digər bir faktı da qeyd edək. Xəzər Dəniz Gəmiçiliyi, yaxud SOKAR min tonlarla borunu, yaxud köhnə gəmiləri balansdan silib…metal alverçilərinə satırlar. Metal biznesində xeyli sayda cinayətkarlar cəmləşib.
Təsəvvür edirsiniz, Bakının bütün kənd və qəsəbələrində səhər açılan kimi “Dəmir alıram…dəmir alıram..” səs-küyü aləmi bürüyür. Metal qəbul məntəqələrində bir soruşan yoxdur ki, bu qədər metal haradan gəlib, kimlər gətirib.. Bu cinayətkar dəstə son zamanlar hətta elektrik naqillərini, transformatorları, həyətlərdəki kondisionerləri oğurlayıb metal qəbulu məntəqələrinə satırlar. Hətta son bir neçə ay əvvəl ATEF şirkəti ilə İdman Akademiyası arasındakı cinayətkar əlaqə ortaya çıxdı. Bəlli oldu ki, İdman Akademiyası tələbələrinin adına yüz tonlarla metal sənədləşdirib.
İndi isə keçək əsas mətləbə. Redaksiyamıza daxil olan son məlumata görə, hazırda qara və əlvan metal biznesinin əsas fiqurlarından biri ƏXİ PƏRVİZ-dir. Bu işdə onun əsas ortaqları Vilayət və Zaur qardaşlarıdır. Oğurluq metal qəbulunu bu qardaşlar həyata keçirir. Əxi Pərvizin əsas ortaqlarından biri də Vüqar adlı şəxsdir.
Yeri gəlmişkən, bu şəxslər PA-nın sabiq şöbə müdiri, vaxtilə QUSKA-nın tərəzi çəkəni olmuş Əli Həsənovun yaxın adamlarıdır. Yəni Əli Həsənov o zamankı əməllərini bu şəxslərin əli ilə bu gün də davam etdirir. Bu şəbəkənin başında isə “əmlakçı” Usubov dayanır. Bu cinayətkar şəbəkə hər gün Qəbələdən Bakıya nə daşıyır..? Bu barədə növbəti yazıda. Bizi izləyin.
P.S. Əgər dövlət büdcəmiz yüksək məbləğdə vəsaitlə dolmaq istəyirsə, bu məsələ Dövlət Ərkanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
gundelik baki.com