ABP nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər – FOTOLAR

1918 – ci ilin 15 sentyabrında Bakı şəhərinin rus-erməni və diğər imperialist güclərdən azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanda silsilə tədbirlər keçirilir.

Feso.az xəbər verir ki, sentyabrın 14-də bu münasibətlə Azərbaycan Bütövlük Platformasının (ABP) nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

ABP nümayəndələri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

ABP İdarə Heyətinin sədri Bəhram İsmayıl iştirakçılar qarşısında çıxış edərək Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini, sovet təbliğatının bütün cəhdlərinə baxmayaraq onların heç vaxt unudulmadığını qeyd edib:

“O dönəmdə bolşevik maskası altındakı rus-erməni və diğər işğalçıların işğalı, zülmü altındakı doydaşlarımızın köməyinə gələn Türk-islam ordusu Nuru paşanın rəhbərliyi ilə Azərbaycanı müdafiə etməsi, xüsusən Gəncəni və Bakını azad etmələri əsl qəhrəmanlıq dastanıdır. Anadolu və Qafqaz igidlərinin qanlarıyla sulanmış bu torpaqlar eyni zamanda qardaşlıq xəmirini də yoğurub. Əziz şəhidlərimiz! Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da hüzurla yatın. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”.

Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.