Problemin böyüyü hələ irəlidədir… – AXI NİYƏ?

Azərbaycana payız hələ gəlməyib. Havalar isti keçir. Amma qışın özünü necə aparacağını da bilmək olmur. İstənilən halda istilik qayğıları başlayacaq. Ölkədə evlərin əksərində müxtəlif yollara müraciət edilir. Amma yaşayış binalarında konkret istilik sistemi olmalıdır.
Bizimyol.info xəbər verir ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayının 5689-a çatacağı qeyd olunmuşdu. Amma say heç 4 minə çatmayıb. Ümumilikdə, 3850 yaşayış binasının istiliklə təchiz olunduğu məlumdur. İş orasındadır ki, 2016-cı ildən sonra çox şey dəyişməyib. Geridə qalan illər ərzində yeni istilik sistemi ilə təchiz edilən binaların sayı cəmi 80 olub. Yəni “Azəristiliktəchizat” yerində sayıb.

Hesablama Palatasının audit yoxlamaları göstərir ki, açıq səhmdar cəmiyyəti həmişə nöqsanla işləyib. Məsələn, hesabatlarda dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə zamanı lüzumsuz xərclərə yol verildiyi xüsusi qabardılıb. Nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib. Ümumiyyətlə, israfa yol verilib. Dövlət müəssisəsinin proqnozlarının tərtibi zamanı əvvəlki dövrlərin faktiki və davam edən illərin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb. Anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib. O qədər nöqsan var ki, sadalamaqla bitmir…

Uzun sözün qısası odur ki, “Azəristiliktəchizat” pis fəaliyyət göstərib. Ölkədəki yaşayış binalarının yarıdan bir qədər az hissəsi istiliklə təchiz olunur. İndi əhalinin vəziyyətini təsəvvür edin. Qış aylarında, payızın soyuq günlərində mənzillərin isidilməsi əməlli-başlı problemə çevrilir. Açıq səhmdar cəmiyyəti isə vəzifənin öhdəsindən gəlmir. Tez-tez başqa dövlət qurumlarına böyük borc yarandığı məlum olur. Az qala hər il qaz borcu üzə çıxır. Hesablama Palatasının audit yoxlamaları isə dövlət vəsaitindən məsuliyyətsizcəsinə istifadə olunması faktını ortaya qoyur.

İlin soyuq günləri irəlidədir. Açıq-aşkar görünür ki, “Azəristiliktəchizat” mövsümə hazır deyil. Ya mənzillər istiliklə gec təmin olunacaq, ya da iş lazımınca görülməyəcək. Hər il eyni mənzərə yaranır. Gecikmə isə, adətən, borclara görə olur. “Azəristiliktəchizat” bütün ili yatır, qışda oyanır. Onda isə çox gec olur…
Bizimyol. İnfo



Mənbə