BŞİH-də müşavirə: Bir neçə vəzifəli şəxs işdən çıxarıla bilər

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrdə sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müşavirədə çıxış edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb.

Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.

BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərin hesabatı dinlənilib və hazırlanan videofilm nümayiş etdirilib.

Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb.
Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.

Qaradağ RİHB-nin Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb.

Həmçinin, əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanılması və nöqsanların aradan qaldırılması üçün bir ay müddətində vaxt verilib.

Eyni zamanda sabah, sentyabrın 2-də paytaxtda daxili iməciliyin keçirilməsi qərara alınıb.

Mənbə