Qarabağ qazisi, 20 Yanvar yaralısı Arif Məhərrəmovun ağrıları, Vətənin, Qarabağın, xalqın ağrılarıdır.
Sözsüz ki, bütün qeyrətli, qədir bilən Vətən övladları, xüsusilə Qarabağda can qoyan, qan tökən oğullar hamısı əzizlərimizdir.
Arif Vəli oğlu Məhərrəmov 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. 1983-85-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 Yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabagda döyüşüb. 1992-ci ilin yanvarında döyüşlərə yollanır. Agdamda Hamısıahverdi Bağırovun könüllü özünü müdafiə batalyonunun tərkibində bir-birindən ağır əməliyyatlarda iştirak edir. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş əhalinin böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirənin yarılaraq Ağdama sağ-salamat çatmasında böyük fədakarlıqlar göstərir. Və bu döyüşdə ağır yaralanır. Muxtar həkimin və Nizami həkimin sayəsində yaraları sağalır və ayağa qalxan kimi yenə səngərə qayıdır.
Arif Məhərrəmovun bu torpaq uğrunda tökdüyü qanı, biz ona qram-qram qaytarırıq. Belə igid Vətən oğullarının qulluğunda dayanmaq, hamımızın borcudur.
Həkimlər deyir ki, Arif Məhərrəmovun bütün bədənində mərmi qəlpələri, başında, qolunda, ayağında olan fəsadlar və küt alətlə kəsilmiş məsamələr, yaralar ona çox əziyyət verir.
1992-ci ildə Qarabağda başından aldığı mərmi qəlpəsi yaraları onu narahat edirdi. Arif başının möhkəm ağrılarının səbəbini əvvəllər tam bilməsə də, rentgen və KT müayinəsindən sonra, həkimlərin nəzarəti və göstərişi altında, tam dəqiqləşdirib. Başında olan mərmi qəlpəsinin birini “Loğman” klinikasında çıxartdırdıqdan sonra, başında daha mərmi qəlpəsi olmadığını zənn edib. Amma, küt və dözülməz ağrılar Arifi tərk etməyib.
Yenidən Semaşko adına xəstəxanada KT və rentgen müayinəsi zamanı, həkim briqadası qazimizin başında nəinki bir, iki mərmi qəlpəsi olduğunu vurğulayıb. Mərmi qəlpələri isə, açıq-aydın görünür.
Həkimlər Arifə başında qalan iki qəlpələrin xaricdə əməliyyat olmasını tövsiyyə edirlər. Təxminən 8 il bundan əvvəl Almaniyadan xüsisi sifarişlə çağırılan həkim, Arifin xəstəlik vərəqəsinə baxdıqdan sonra, nədənsə ehtiyat edib, əməliyyatdan imtina edib. Ayaqlarının, əllərinin, belinin, başının əməliyyata böyük ehtiyacı var. Onun ağrıları Vətənin, işğal altındakı torpaqlarımızın, xalqımızın ağrılarıdır. Xatırladaq ki, Arif Məhərrəmovun qardaşı Akif Məhərrəmov 1994-cü ildə, Vətən uğrunda gedən döyüşlərdə Ağdam bölgəsində Şəhidlik zirvəsinə ucalıb. Məzarı Şəhidlər Xiyabanındadı.
Arif Məhərrəmov həm də, 1994-1998-ci illərdə Çeçenistanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. Arif Məhərrəmovun bir arzusu var idi: Qələbə! “Vətən onu sevənlərin sayəsində, onun əzablarını çiyinlərində daşıyanların sayəsində Vətən olur”-bu sözləri Arif qətiyyətlə, həm də, kövrələrək dedi. İndi isə qazimizin arzusu Ali Baş Komandanımızın, şəhidlərimizin və onun kimi qazilərimizin sayəsində reallaşıb.