Son bir neçə ildə “No War”çılar, yəni müharibə əleyhidarlarının cənfəşanlığını müşahidə edirik. Bunların əsas şüarı o olur ki, adlarından bəlli olduğu kimi, müharibə olmasın.
Əslində azərbaycanlılar sülhsevər, tolerant, qonşularla birgəyaşayışa əməl edən xalqdır. Azərbaycan xalqının sülhseverliyi haqqında xeyli danışmaq olar. Lakin 30 ildən artıq davam edən erməni təcavüzünün, regiona fəlakət gətirən separatizmin qarşısını necə almaq olardı. Bu illər ərzində sülh göyərçinləri erməni təcavüzünə niyə son qoya bilmədilər? Bu sualların cavablarını həmin “No War”çılar axtarmalı idilər.
Onu da qeyd edək ki, bu illər ərzində bəzi dövlətlərin çox konfiqurasiyalı siyasi gedişləri, imitasiya xarakterli sülh danışıqları heç bir nəticə vermədi. Əgər Azərbaycan 44 günlük müharibədə öz torpağını işğalçıdan azad etməsəydi, bu, danışıqlar hələ bir neçə onilliklərdə davam edəcəkdi.Əslində ermənilərində istəyi o olub ki, danışıqlar uzun illər davam etsin, Azərbaycan xalqı zaman keçdikcə tarixi yurd yerlərini unutsun. Çox üzücü sülh danışıqlardan insanlar bezsin. Yekunda da şər qüvvə qalib gəlsin. Lakin bu mümkünsüz idi.
Bu müharibənin qaçılmaz olması hamımıza bəllidir. O da bəllidir ki, dövlətimizin gücü, əsgərlərimizin şücaəti, xalqımızın birliyi nəticəsində Xeyir şər üzərində qələbə qazandı. Vətən müharibəsi bir çox həqiqətləri bir daha təsdiqlədi. Dünyanın bir çox dairələri dərk etdi ki, Azərbaycanın mövqeyi ədalətlidir. Necəki bu gün Ukrayna təcavüzkara qarşı ədalətli müharibə aparır. Rusiya-Ukrayna müharibəsində dünyanın böyük bir hissəsi ədalətin yanındadır.
Bizim tarixi qələbəmiz isə 44 günlük müharibənin həqiqət anıdır. Bu həqiqəti dünyaya, həmçinin “No War”çılar çatdırmaq lazımdır.
Əkrəm Bəydəmirli